Qızlarla qucaqlaşan Papa, Ankara terroru və müəmmalı intihar...

Qızlarla qucaqlaşan Papa, Ankara terroru və müəmmalı intihar...
  18 Fevral 2016    Oxunub:4959
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 17-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Prezident məmurların işini nəzarətə götürür

Azərbaycan prezidenti vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb.

***

İran və Gürcüstan Ermənistanı seçir

Rəsmi Tehran və Tiflis arasında Gürcüstana 200 milyon kubmetr həcmində qazın tədarükünə dair danışıqlar aparılır. Bu barədə İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) direktoru Əlirza Kaməli İranın neft naziri Bijan Namdar Zanqane və Gürcüstanın energetika naziri Kaxa Kaladze arasında keçirilən danışıqları şərh edərkən bildirib.

***

Daha dörd ölkə neft hasilatını donduracaq

Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin “dondurulması” ilə bağlı təşəbbüsü dəstəkləyiblər. Bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.

***

Səudiyyə Ərəbistanı da Suriyanı bombaladı

Səudiyyə Ərəbistanı İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mövqelərini bombalamağa başlayıb. Bu barədə Pentaqon rəsmisi Piter Kuk bildirib.

***

Gömrükdən büdcəyə daxilolmalar azalıb

Cari ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 103 626,66 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,12% azdır.

***

Tramp prezident seçilməyəcək`- Obamadan etiraf

ABŞ prezidenti Barak Obama hesab edir ki, milyarder Donald Tramp prezident seçkilərində məğlub olacaq. Bu barədə Obama Kaliforniyada keçirilən ABŞ –Cənub Şərqi Asiya ölkələri Assosiasiyasında çıxışı zamanı bildirib.

***

Ərdoğan və kral Salman Əsədi yola salır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Səud telefon danışığı zamanı Suriya prezidenti Bəşər Əsədin gələcəyinə dair mövqelərini ifadə ediblər. Telefon danışığı zamanl hər iki ölkə lideri Bəşər Əsədin hakimiyyətdə qaldığı müddətdə Suriyada münaqişənin həllinin mümkünsüz olduğu və dinc əhalinin öldürülməsinin dayandırılması və blokadanın götürülməsi ilə bağlı həmrəy olduqlarını bildiriblər.

***



Məşhur aktyor “donuz qripi”nə yoluxdu

Türkiyəli məşhur aktyor “donuz qripi”nə yoluxub. “Paramparça” serialında Harun rolunda çıxış edən Barış Falayda “donuz qripi” aşkar edilib.

***

MTRŞ-nın xərclədiyi 11 milyon - Hansı seriallar çəkilib?

Milli Televiziya və Radio Şurası televiziyalara ayrılan 11 milyon manat vəsaitin hara xərcləndiyini və hansı serialların çəkildiyini açıqlayıb. Qurumun aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, televiziyalar üçün ilk olaraq ayrılan 5 milyon manata 20 milli serial çəkilib.

***

Ermənistan rəsmisi: - `Dilqəm və Şahbaz qaytarılmayacaq`
Qondarma Dağlıq Qarabağ respublikasının `baş prokuroru` Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib. Mosiyan Kəlbəcər girovlarının erməni əsirlərlə dəyişdirilməsinin mümkün olmadığını bildirib.

***

Daha bir faciə: 11 yaşlı oğlan intihar etdi

Cəlilabad rayonunun Gülməmmədli kəndində intihar hadisəsi baş verib. Kənd sakini 11 yaşlı Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

***

McDonald`s pivə də satacaq

Amerikanın fast-food mağazalar şəbəkəsi olan McDonald`s Cənub Koreyada açılan restoranında pivə satışını həyata keçirəcəyi bildirilib. Söhbət pilot layihədən gedir.

***

Yeni büdcənin parametrləri açıqlandı

2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub. Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

***



Şeyx prezidentə Quran hədiyyə etdi - FOTOLAR (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Dövlət başçısı mərasimdə nitq söyləyib.

***

11 yaşlı uşağın müəmmalı intiharı: `Özünü aktyora bənzədib...`

Cəlilabad rayonunun Gülməmmədli kəndində intihar hadisəsi baş verib. 11 yaşlı kənd sakini Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Hadisəsi ilə bağlı açıqlama verən kənd bələdiyyəsinin sədri Cahanşah Əzizov Sabir Nurinin intihar etməsinə inanmadığını bildirib.

***

100 dollar dövriyyədən çıxarıla bilər

100 dollar və 500 avroluq əskinaslar yığışdırılmalıdır. Belə bir iddia ilə ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers çıxış edib. "The Washington Post" qəzetindəki məqaləsində L.Sammers yazır ki, bu addım korrupsiya ilə mübarizədə önəmlidir.

***

Qarabağda fəaliyyət göstərən şirkətlər - SİYAHI

Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərir. ATƏT-in Minsk qrupu ölkələri - ABŞ, Fransa və Rusiyadan olan şirkətlər də Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər.

***

`Müxalifətlə dialoqa hazırıq` - YAP-dan açıqlama

“Yeni Azərbaycan Partiyası ölkənin müstəqilliyini və dövlətçiliyi müdafiə edən istənilən siyasi qüvvə ilə dialoqa hazırdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

***

Sərxoş sürücü yol polisinin maşınını çəkiclə əzdi

Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.

***

YAP-dan sərt bəyanat: `Bizə qarşı təbliğat aparılır`

"Bəzi kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbulla bağlı guya hansısa yaş senzinin tətbiq edilməsinə dair informasiyalar yayılır, məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır". Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

***


Papanın qızlarla qucaqlaşması... – Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Dünya Bankı Azərbaycana dəstək verəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AMB-dən verilən məlumata görə, görüş zamanı Dünya Bankının ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bankla gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

***

`İmkan verməyəcəyik ki, daxili işlərimizə qarışsınlar` - İlham Əliyev

"Müstəqillik illərində Azərbaycanda yüzlərlə məscid tikilib, bütün dini abidələr yenidən qurulur və dövlət tərəfindən qorunur. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənir, cəmiyyətin inkişafı üçün bu münasibətlər böyük əhəmiyyət kəsb edir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.

***

Bakı-İstanbul aviareysi təxirə salındı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

***

170 min dollar rüşvət verən şəxsin adı açıqlandı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanova qarşı səslənən rüşvət ittihamları ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Dövlət komitəsinin bu gün açıqladığı rəsmi məlumatda Səfər İmanova 170 min dollar verməklə icra başçısının müavini olmaq istəyən şəxsin adı açıqlanıb.

***

Sarkozi həbs edilə bilər - Maliyyə saxtakarlığı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi ifadə vermək üçün prokurorluğa çağırılıb. Sarkozi 2012-ci il prezident seçkilərində maliyyə saxtakarlığına yol verməkdə şübhəli bilinir.

***

Azərbaycanda nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

***



Ankaradan acı xəbər: 28 ölü, 60-dan çox yaralı (Yenilənib+VİDEO)

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hərbi nəqliyyat vasitələri keçərkən partlayış törədilib. Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti