100 il gözlənilən kəşf – Elmdə böyük hadisə (VİDEO)

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə (VİDEO)
  12 Fevral 2016    Oxunub:33432
Elmdə çoxdan gözlənilən bir hadisə baş verib: qravitasiya dalğaları aşkarlanıb! Bu haqda dünən Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verilib. Emi kəşfin müəllifi müxtəlif ölkələrdən alimlərin bir araya gəldiyi LIGO qrupudur. Hazırda kollektivə Valeri Mitrofanov başçılıq edir.

Albert Eynşteynin 1916-cı ildə irəli sürdüyü Nisbilik Nəzəriyyəsinə görə, qravitasiya dalğaları zaman-məkan toxumasında titrəyişlər şəklində özünü göstərməli idi. Kainatda kataklizmlər baş verəndə - məsələn, yeni ulduzlar partlayanda, “qara dəlik”lər peyda olanda qravitasiya dalğaları da, nəzəriyyəyə görə, daha intensivləşməlidir. Amma indiyə qədər – 100 il ərzində bu dalğaları qeydə almaq mümkün olmamışdı.

Qravitasiya dalğalarını tutmaq üçün qravitasiya rəsədxanalarından istifadə olunurdu. Onların da ən böyüyü LIGO-dur: Laser Interferometer Gravitational-Wave Observatory. Bu rəsədxana iki qurğudan ibarətdir: biri Luiziana ştatının Livinqston şəhərində, digəri 3000 km. Aralıda, Vaşinqton ştatının Hanford şəhərində yerləşir.



Qravitasiya dalğalarını tutmaq üçün lazer şüaları iki uzun borunun daxilində bir-birilə perpendikulyar şəkildə kəsişdirilir. Sonra güzgülərin köməyilə iki şüa üst-üstə gətirilir. Əgər bu zaman qravitasiya dalğası gəlsə, o, məkanı bir istiqamətdə “sıxacaq”, ona perpendikulyar olan digər istiqamətdə isə əksinə, genişləndirəcək (sanki “dartacaq”). Və bu, özünü şüaların üst-üstə düşməsində (interferensiyasında) büruzə verəcək.



2002-2010-cu illərdə aparılan təcrübələr qravitasiya dalğalarını aşkarlaya bilməmişdi. Rəsədxana modernizasıya olunandan sonra “Advanced LIGO” adlanmağa başladı, indi oradakı lazer interferometrləri daha həssas olmuşdu. Və bu da nəticə verdi.

Mətbuat konfransında alimlər elan etdilər ki, iki qara dəliyin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarını qeydə ala biliblər. O qara dəliklərin kütləsi Günəşin kütləsindən 29 və 36 dəfə böykdür. Onlar 1,3 milyard il əvvəl birləşiblər – qravitasiya dalğalarının gəib yerə çatması üçün bu qədər zaman lazım olub.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün Twitter hesabında bu böyük elmi kəşfin müəlliflərini təbrik edib.




"Qravitasiya dalğalarının kəşfi" niyə önəmlidir?

Nyuton cazibə qanununu kəşf etmişdi, amma onun nə olduğunu izah etməyə hətta cəhd belə göstərməmişdi. O, dindar idi və məsələyə təxminən belə yanaşırdı ki, "Mən Allahın yaratdığı bir mexanizmi tapmışam, qalanı Onun öz işidir".

3 əsrdən çox fiziklər elə bilirdilər ki, qravitasiya - qüvvədir. Amma əgər qüvvədirsə, onu qeydə almaq və daşıyıcısını tapmaq lazımdır. Necə ki, məsələn, elektromaqnit qüvvəsi var, onun daşıyıcıları da elektronlardır. Hətta belə fərziyyə irəli sürülmüşdü ki, "qraviton" adlı xüsusi hissəciklər var, qravitasiya qüvvəsini onlar yaradırlar.

Eynşteyn 1916-cı ildə Nisbilik Nəzəriyyəsini irəli sürməklə mənzərəni kökündən dəyişdi. Eynşteynin kainatında qravitasiya - ayrıca qüvvə deyil, zaman-məkan toxumasının deformasiyasından yaranan effektdir. Təxminən bu cür: Günəş ağır olduğu üçün ətrafındakı məkanı deformasiya edir (əyir), nəticədə Yer ona tərəf meyillənir. Yeri Günəşə "bağlayan" ayrıca cazibə qüvvəsi isə yoxdur.

Bu nəzəriyyə son illərdə fizikada hakim yanaşmaya çevrilmişdi, amma sübut olunmamışdı. Amma indi tam əminliklə demək olar: Eynşteyn haqlıdır!

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti