Azərbaycan dili niyə ölüdür?

Azərbaycan dili niyə ölüdür?
  07 Fevral 2016    Oxunub:17035
Vüsal Məmmədov

Bu şikayəti işi yazmaq və ya tərcümə olan hər kəsdən eşidirik: “Azərbaycan dili dil deyil”, “Dilimizin ifadə imkanları çox dardır”... Düzdür, burada yazanın məharəti amili də var, amma şikayətçilər, əsasən haqlıdırlar. Bunun isə çox ciddi və ağır bir səbəbi var.


Məsələ ondadır ki, bizim indi danışdığımız dil həqiqətən ölü dildir. Çünki ərəb-fars sözlərini dilimizə basmarlamışıq, onlar isə bu mühitdə qısırdırlar, doğub-törəyə, özlərindən yeni kəlmələr yarada bilmirlər. Oysa, normal dil mühitində bütün doğma sözlər canlıdırlar, çoxalır, törəyirlər.

Misal üçün, Oğuzların dilinə - yəni bizim əsl, doğma dilimizə, “Kitabı Dədəm Qorqud”un yazıldığı dilə baxaq. Bu dildə “Ağ” sözünün iki mənası var: 1) Tor 2) Ucalıq, hündürlük. İndi görün, təkcə ikinci mənadan hansı sözlər yaranıb:

Ağa - Ata, böyük qardaş, ağa (yəni ucada duran şəxslər)
Ağac – yəni hündürlüyə can atan
Ağırmaq – Qaldırmaq. Qaldırmaq isə təbii ki, yuxarıya olur. (Buradan isə `ağır` sözü yaranıb.)
Ağca – təmiz (hündürlük, əlçatmazlıq təmiz olur axı). `Ağca üz` kimi.
Ağsunqur – ov quşu (hündürlükdə uçur)
Ağılmaq – 1) Ucalmaq, 2) Asılmaq.
Ağır – Dəyərli, əziz (ucada tutulan)
Ağırlamaq – Əzizləmək, dəyər vermək
Ağız – başlanğıc (Qidalanmanın başlanğıcı Ağızdır –yəni yuxarıdan başlayır)
Ağar – Axar su, çeşmə (həmişə yuxarıdan axır)
Ağıl – bu, bəlkə də, sözün `tor` anlamından yaranıb, bilmək olmaz... AĞıllı- yəni (düşməni) tora salmağı bacaran.

Örnəkləri xeyli artırmaq olar. Bugünkü dilimizdəki Ağdam, Ağdərə, Ağcabədi kimi toponimlərdə olan “ağ” sözü də rəng yox, hündürlük mənasındadır.

Amma indi götürək misal üçün, ərəb dilindən keçmiş “bəyaz” sözünü. Bu sözdən başqa hansı kəlmələr doğub-törəyə bilər? Heç nə! Çünki bu söz bizim Oğuz-Türk dilinin mühitində yabançıdır. Elə bil, ərəb torpaqlarında yaxşı bəhər verən bir ağacı gətirib Azərbaycanda əkirsən, burada quruyub qalır.

Halbuki, ərəb sözləri öz sami dil mühitlərində çox yaxşı doğub-törəyə bilirlər! Məsələn, `hkm` kökündən hökm, hakim, həkim, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, hökumət, hətta istehkam və s. sözlər yaranan kimi.

Bütün dillərdə belədir. Hər dilin mühitində onun doğma kəlmələri törəyir, yeni sözlər yaradır. Amma bizim dil bu mənada morfoloji qəbiristanlıqdır. Tutaq ki, “cələsə” (oturmaq) felindən ərəb dilində `iclas` və `məclis` sözləri yaranır. Biz bu sözləri öz dilimizə salmışıq, amma onların kökü - `cls`,-ərəb dilində qalıb. Ehtiyac yarandıqca o kök orada başqa yeni kəlmələr də yaradacaq. Biz isə kökü orda qoyub, meyvəni dərib gətirmişik; Ayrı cür desəm, canlı sözün özünü yox, onun şəklini çəkib götürmüşük. Ona görə də bu söz bizim dilimizdə heç bir başqa yeni sözlər yaratmağa qadir deyil.

(Amma tutaq ki, dilimiz bir qədər başqa inkişaf yolu keçsəydi, biz bu gün `məclis` yerinə məsələn, `oturlanma`, iclas yerinə `oturum` sözünü işlədə bilərdik.)

Bu, özünü sayda da göstərir: Azərbaycan dilində 80 min söz var. İngilis dilində 600 minə yaxın. Ərəb dilində isə haradasa 1 milyon...

Nəticədə nə alınır? Bizim indi danışdığımız dil nə Oğuz-Türk sözləri üçün doğma mühitdir, nə də ərəb-fərs sözləri üçün. O sözlərin heç biri bu dildə çoxala bilmir. Bəs bizim dildə hansı sözlər öz mühitindədir? Heç hansı!
Ona görə də, təbii olaraq, dil inkişafdan qalıb, yenilənmir, zənginləşmir.

Bu vəziyyət 8-ci əsrdən belədir. Ərəblər bu coğrafiyaya gələndə bizim təkcə torpaqları yox, dilimizi və şüurumuzu də işğal etdilər. Hər ikisi hələ də ərəb işğalında qalmaqdadır. Bu işğaldan qurtulmağın yolu o ola bilərdi ki, yeni yazarlar nəsli yetişsin, öz yazıları ilə dilmizin canlı sözlərini geri qaytarsınlar, dili işğaldan qurtarsınlar, inkişafı üçün əsas yaratsınlar. Amma nə yazıq ki, olmadı – yazarların bir qismi hələ də bakirəliklə mübarizə aparır, digəri saxta müxalifətçilik edib, özündən ictimai qəhrəman obrazı yaratmağa çalışır, üçüncü qism isə ədəbiyyata sadəcə PR, hətta qız tutmaq vasitəsi kimi yanaşır. Dil isə ölü olaraq qalır.



Teqlər:  





Xəbər lenti