`Mayk Tayson Bakıya gəlmək istəyir...` - Müsahibə
AzVision.az-ın bu dəfəki müsahibi əfsanəvi boksçu Mayk Taysonun azərbaycanlı tələbəsi və dostu, peşəkar boksçu Fərid Ağayevdir. 1988-ci il fevralın 5-də Bakıda anadan olan F.Ağayev uzun illərdir Amerikada yaşayır.
-Amerikada yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür. Ölkəmizin uğurlarına sevinirəm. İdmançılarımız qələbə qazananda, ölkəmizin xoş xəbərini eşidəndə burada fəxrlə danışıram. Hazırda Florida ştatında yaşayıram. Azərbaycandan köçsəm də, boks fəaliyyətimi burada da davam etdirirəm. Döyüşlərdə Azərbaycan bayrağına sarılıb, qələbə qazanmağa çalışıram.
-Azərbaycanda siz daha çox Mayk Taysonun tələbəsi kimi tanınırsınız. Taysonla münasibətləriniz necədir? Onun ölkəmizlə bağlı fikirləri nədən ibarətdir?
- Mayk Taysonun tələbəsi olmaq mənim üçün qürurdur. Onunla çox yaxın münasibətlərimiz var. Səmimi görüşlərimizdə ona Azərbaycandan danışıram. Fikir mübadiləsi aparırıq. Tayson Avropa Oyunları zamanı Bakıya gəlmək istəyirdi. Müəyyən səbəblərdən səfər təxirə düşdü. Amma, qismət olsa, bir gün Taysonla Bakıya gələcəyik. O, Bakını görmək, Azərbaycanı gəzmək istəyir.
Mayk Taysonun müsəlmanlara böyük hörməti var. O, bilir ki, Azərbaycan müsəlman ölkəsidir.
- Sizi Taysona bənzədirlər. Bu sizdə kompleks yaratmırki?
-Əksinə, Taysona bənzəməkdən qürur duyuram
- Rinqdə kimi özünüzə rəqib görürsünüz?
-Təbii ki, hər bir idmançı kimi, mənim də özümə rəqib bildiyim idmançılar var. Hazırda onların kim olduqlarını qeyd etmək istəmirəm. Lakin qarşıda həmin şəxslə döyüşümüz gözlənilir.
- Bir boksçu uğur qazanmaq üçün nə etməlidir?
-Mənim uğurum rinqdəki qələbəmdir. Bunun üçün ilk növbədə insanın özünə güvəni olmalıdır. Mütəmadi məşqlərə getmək, düzgün və sağlam qidalanmaq, kifayət qədər istirahət etmək lazımdır. Qeyd etdiklərimi proqramlaşdırılmış və düzgün qaydada yerinə yetirə bilsək, uğur qazana bilərik.
-Qarşıda sizi hansı döyüşlər gözləyir?
-Yanvar ayının 31-də növbəti döyüşüm olacaq. Hazırda həmin döyüşə hazırlaşıram. Fevralda isə döyüşüm gözlənilir.
-Uzun illərdir Amerikada yaşayan bir azərbaycanlı kimi Amerika-Azərbaycan münasibətlərini necə qiymətləndirirsinizz? Amerikada Azərbaycanı sevirlərmi?
-Əfsuslar olsun ki, Amerikda Azərbaycanı çox yaxşı tanımırlar. Bəzən sual verirlər ki, Azərbaycan harada yerləşir. Təbii ki, dövlət rəsmiləri, ziyalı insanlar Azərbaycanı tanıyırlar. Amerikada Azərbaycanı tanıtmaq, ölkəmizin təbliği üçün əlimdən gələni edirəm.
Azərbaycanı Amerikda çox yüksək səviyyədə təmsil etməyə çalışıram. Yaxın vaxtlarda böyük döyüşlərdə qazandığım zəfərlərlə Azərbaycana qayıdacağam.
Hafiz Əhmədov