`Rio-2016`ya daha bir lisenziya qazandıq

`Rio-2016`ya daha bir lisenziya qazandıq
  18 Yanvar 2016    Oxunub:2102
Azərbaycanın şose velosipedi üzrə Elit yığması və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və federasiyaya təsdiq məktubu göndərilib. M.Averin 4 illiyin zirvə yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən M.Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Məlumat üçün onu da bildirək ki, M.Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti