Hələ ki, “donuz qripi” qeydə alınmayıb - Nazirlik

  11 Yanvar 2016    Oxunub : 1597
Hələ ki, “donuz qripi” qeydə alınmayıb - Nazirlik
Azərbaycanla qonşu ölkələrdə “donuz qripi”nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür. Qonşu ölkələrdə “donuz qripi”nin aşkar olunması Azərbaycanda da xəstəliyin ölkəyə keçmə ehtimalını artırır.
Qeyd edəık ki, “donuz qripi” ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq “donuz qripi” baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə “donuz qripi”nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az - a bildirib ki, hazırda Azərbaycanda “H1N1” virusu ilə bağlı epidemioloji vəziyyət nəzarətdədir:

“Azərbaycanda heç bir təhlükəli vəziyyət qeydə alınmayıb. Taun Əleyhinə Stansiyanın laboratoriyası “donuz qripi” ilə bağlı işləyir. Əgər yerli poliklinikalara və ya xəstəxanalara “donuz qripi” şübhəsi ilə müraciət edən xəstələr olarsa, onların analizləri Taun Əleyhinə Dispanzerin laboratoriyasına göndərilir və bu təhlükənin olub-olmadığı yüksək səviyyədə yoxlanılır. Amma şükürlər olsun ki, hələ ki, heç bir təhlükə qeydə alınmayıb”,- deyə Liya Bayramova bildirib.

Gültəkin Ələsgər

Teqlər: