Ovanisyan Sarkisyanla Putini hədələdi
“ Deyə bilmərəm gələcək, ya yox. Gəlsə sevinərəm, hələlik ümidimi üzmürəm. Ancaq gəlmək istəməsələr və xalqın qarşısında izahat verməkdən yayınsalar , xalqın qələbəsini etiraf etməsələr, mən hara lazımdı ora da gedəcəyəm!”- deyə 18 fevral prezident seçkilərində 36.75% səs toplayan Raffi Ovanisyan bildirib. Ovanisyan seçkilərin saxtalaşdırıldığını, Serj Sarkisyanın yox, onun qalib gəldiyini iddia edir.
“Yaxşı olar ki, gəlsin. Əks halda biz nə edəcəyimizi yaxşı bilirik. Məsələni başqa cür həll edəcəyik! Qalib gələnə qədər meydandan çıxmayacağıq!”-deyə Ovanisyan əlavə edib.
Qeyd edək ki, Rafi Ovanisyan və tərəfdarları gecəni Azadlıq Meydanında sulu qar altında keçirib. Səhər saatlarında Ovanisyan prezidentliyə keçmiş namizəd Qrant Baqratyana baş çəkib və vəziyyəti onunla müzakirə edib. Bir qədər dincələn Raffi Ovanisyan qardaşı Armeni Los-Ancelosa yola salıb.
Ovanisyan Rusiya prezidenti Vladimir Putinə də məsaj göndərməyi unutmayıb: “ Vladimir Putin Serj Sarkisyanı təbrik edib. Lakin, o bir qədər tələsib. Amma nə etmək olar, Putin də bir insandır . O da səhv edə bilər. Mən bağışlayan biriyəm, bu cür tənqidlərimə görə üzr istəyirəm, amma bu dəfə o haqlı deyil”.
Bu arada Ermənistanın Gümrü şəhərində Raffi Ovannisyanın tərəfdarlarının çərşənbə günü keçirilən etiraz aksiyası bu gün də davam edir.
Xatırladaq ki, çərşənbə günü onlar Gümrünün Teatr meydanında toplaşıb, daha sonra şəhərdə yürüş keçiriblər.
Qeyd edək ki, Gümrüdə Raffi Ovannisyan 70 faizdən artıq səs toplayıb.
"Biz hamını bizim aksiyaya qoşulmağa çağırırıq. Bizim prezidentimiz Raffi Ovannisyandır", - "İrs" partiyasının gənclər qanadının üzvü Yeqişe Şaryan bəyan edib.