Günün aktual sualı: Nəyə qənaət etməliyik?

Günün aktual sualı: Nəyə qənaət etməliyik?
  26 Dekabr 2015    Oxunub:16408
Manatın növbəti dəfə ucuzlaşması əhalini ciddi düşünməyə vadar edir. İqtisadi çətinlikdən yaxa qurtarmaq üçün insanlar ən yaxşı halda bu suallarla cavab tapmağa çalışırlar: Böhran vaxtı insanlar necə davranmalı? Hansı xərclərdən imtina etmək lazımdır? Ailə büdcəsini necə təşkil etmək olar?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, hazırki durumda vətəndaşlar öz büdcələrinə yenidən baxmalı və bəzi xərcləri təxirə salmalıdırlar.

AzVision.az-açıqlama verən ekspert bildirib ki, insanlar pullarına qənaət etməli, əlavə xərclərə yol verməməlidirlər.

“Belə durumlarda qənaət etmək çox vacib məsələdir. İlk növbədə daha vacib xərclər ödənilməlidir. Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq. Devalivasiyadan sonra xərclərin artması da gözləniləndir. Odur ki, qənaet prinsipi mütləq lazımdır”.



İqtisadçı hesab edir ki, insanlar hazırki çətin durumda səyahət və əlavə geyim xərclərindən imtina etməli, israfçılığa yol verməməlidir.

Devalivasiyanın əksər dükan və restoran şəbəkələrini vurduğunu deyən ekspert qeyd edib ki, alıcılıq qabiliyyəti aşağı düşəcəyindən xidmət sahələrinin bəzilərində təkliflər azalacaq: “Devalivasiyadan sonra monitorinqlər göstərir ki, fəaliyyətlərini dayandıran xidmət sahələrinin sayında artım var. Bundan sonra alıcılıq qabilliyəti aşağı düşəcək. Bu da xidmət sahələrinə təsirsiz ötüşməyəcək. 2015-ci ilin 9 ayındə 30 min iş yerinin bağlanmasının əsas səbəblərindən biri də xidmət sahəsində dükan, restoran və kafelərin bağlanmasıdır. Növbəti devalivasiya bu prosesi gücləndirəcək”-deyə Vüqar Bayramov bildirib.



Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də vəziyyətin çıxış yolunu insanların qənaət etməsində görür: “Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi. Dünyada neçə illərdir yaşanan maliyyə-iqtisadi kataklizmlər bu və ya digər şəkildə ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərir və proseslər bir çox hallarda da devalvasiyalarla müşaiyət olunur. Hesab edirəm ki, ölkədə istehlak mədəniyyəti yüksəldilməlidir, insanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir. Həmçinin, bazarın qorunması, qiymətlərin aşağı salınması lazımdır”.

Bəs çətinlik zamanı nə etməli?

Büdcənizi planlaşdırın

-Nədə qənaət etməsini başa düşməsi üçün, ilk növbədə ən çox nəyə xərclədiyinizi müəyyən etmək lazımdır. Nəyə və nə qədər xərclədiyinizi qeyd etməyə başlayın. Restoran və yeni paltarlara maaşın hansı hissəsi gedir? Bəs təcili və vacib olan şeylərə nə qədər xərcləyirsiniz? Pulların hansı yerdə daha çox axmasının müəyyənləşdirilməsi üçün hərtərədli araşdırma aparmaq lazımdır. Xərcləri qeyd etməsi üçün internetdə bir sıra proqramlar var. Məsələn, Android istifadəçiləri Monefy proqramından istifadə edə bilərlər.

Kommunal xərclərinizi yoxlayın

Kommunal xidmətləri - ailə büdcəsinin əsas maddələrindəndir. Harada artıq xərclədiyinizi yoxlayın. İşıq, su və qaza qənaət edin. Enerjiyə qənaət edən lampaları alın. Onlar adı lampalardan bahalı olsa da, onların faydasını ayın sonuna hesab gələndə başa düşəcəksiniz.



İnternet, TV və mobil xərclərini izləyin

İstifadə etdiyiniz internet və TV paketlərini yenidən nəzərinizdən keçirdin. Daha ucuz paketləri seçin. Bunun həmdə digər müsbət tərəfi var: televizor və kompyuterin qabağında oturmaqdansa təmiz havada gəzmək həmçinin sizin sağlamlığınız üçün xeyirdir. İstifadə etdiyiniz mobil telefon tariflərini müqayisə edin. Ola bilsin siz köhnə danışıq və internet tariflərindən istifadə etdiyinizdən daha çox ödəyirsiniz.

Topdan alın

Yuyucu toz və mayeləri, düyü, yağ, çay və s. topdan və böyük həcmdə alın. Xırda şüşə və qablara qablaşdırma həmişə daha baha olur. Məhsulların həftəlik siyahısını hazırlayın və böyük supermarketlərdə topdan alın. İndi siz gözlənilməz alış problemi ilə üzləşməyəcəksiniz və bir süd paketi ilə kassanın qabağında böyük növbəni gözləməyə ehtiyac qalmır. Endirimli məhsullara fikir verin, lakin muğayat olun. Köhnə və xarab məhsulları almayın.



Geyimdə qənaət edin

Həm qadın həm də kişilərdə ən böyük xərc yerlərdən biri - qarderob, parfüm və kosmetika xərcləridir. Yeni paltarı almazdan qabaq şkafınızı yoxlayın: bəlkə çoxdan geyinmədiyiniz, lakin gözəl komplektləriniz hələ də qalıb. Həmçinin, mövsüm endirimlərini nəzərinizdən qaçırtmayın: həm xərcləriniz azalacaq həm də bahalı olan əşyaları daha ucuz almaq olar.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti