Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul etdi

Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul etdi
  28 Noyabr 2024    Oxunub:294
Avropa Parlamentinin (AP) deputatları səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər.
AzVision.az xəbər verir ki, sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiq edilməsi çağırışları var.

Qətnamədə deyilir ki, Avropa Parlamenti parlament seçkilərinin hər hansı tanınmasını rədd edir və prosesin həqiqi ədalətliliyini və şəffaflığını təmin etmək üçün beynəlxalq müşahidənin nəzarəti altənda və müstəqil seçki administrasiyasının iştirakı ilə bir il ərzində təkrar səsverməyə çağırır.

Avropa Parlamentinin üzvləri hesab edirlər ki, Aİ sanksiyalar tətbiq etməli və Gürcüstan hökuməti ilə rəsmi əlaqələri məhdudlaşdırmalıdır.

Avropa Parlamentinin üzvləri qanuni şəkildə qurulmuş siyasi partiyaları qadağan etmək cəhdlərinin ölkəni Aİ-dən daha da uzaqlaşdıracağı və Aİ-yə üzvlük istiqamətində istənilən addımı qeyri-mümkün edəcəyi barədə Gürcüstan hakimiyyətinə sərt xəbərdarlıq ediblər. Onlar həmçinin bildiriblər ki, “Gürcü arzusu”nun yürütdüyü siyasət Gürcüstanın Avroatlantik inteqrasiyası strategiyasına uyğun gəlmir.

Digər tərəfdən, AP Avropa İttifaqını Aİ-nin demokratiya standartlarına əməl edilmədiyi təqdirdə Gürcüstan vətəndaşları üçün vizasız rejimə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, Gürcüstan Avropa Birliyinə üzvlüyə namizəddir.

Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri məsləhət xarakteri daşıyır və Aİ təsisatları və ya üzv dövlətlər üçün məcburi deyil.

Sənədi 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə səs verib, 82 deputat isə bitərəf qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti