Tanınmış müğənniləri cərimələdi

Tanınmış müğənniləri cərimələdi
  22 Dekabr 2015    Oxunub:3493
Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib. Nazirliyə dəvət olunan müğənnilərdən ilin sonunadək vergi borclarını ödəmək tələb edilib.
AzVision.az-ın məlumatına görə, məsələ ilə bağlı APA-da danışan əməkdar artist Ədalət Şükürov bildirib ki, 20 gün əvvəl nazirliyə çağırılıb: “Mənimlə bağlı heç bir problem aşkarlanmadı. Bir nəfər işçimlə bağlı xırda məsələ var idi, onu həll etdik. Mən hər rübün axırında dövlətin vergisini verirəm, illik hesabatlarımı təqdim edirəm. Həyat yoldaşım iqtisadçıdır, ona görə bu sahədə mənim heç bir çətinliyim olmayıb ki, indi əziyyətini çəkim. Amma elə müğənnilər var ki, onların 30 min və daha artıq borcu var. Ola bilər, həmin borclara görə müğənnilərə xaricə çıxış imkanı məhdudlaşdırılsın”.

Ədalət Şükürov əlavə edib ki, məsələnin bu yerə gəlib çıxmasında təkcə müğənnilər günahkar deyil: “Şübhəsiz ki, müğənnilər vergi ödəməlidir. Amma bu məsələdə aidiyyəti şəxslər maarifləndirici tədbirlər görsəydilər, problem bu qədər böyük olmazdı”.

Müğənni Manaf Ağayevə də vergi borcu ilə bağlı bildiriş gəlib. M.Ağayev bildirib ki, bir neçə gün əvvəl borcunu ödəyib: “Vergi borcu ilə bağlı mənə bildiriş gəlmişdi, aparıb borcumu ödədim. Məbləği demək istəmirəm. Əsas odur indi borcum yoxdur. Başqa müğənnilərə də bu cür vergi borcları gəlib. Kimin nə qədər borcu var, onu deyə bilmərəm".

Əməkdar artist Baloğlan Əşrəfov da vergini vaxtında ödəyən sənətçilərin sırasındadır. Əməkdar artistin sözlərinə görə, o, hər rübün axırı vergi borcunu ödəyir: “Mənim heç bir vergi borcum yoxdur. Vaxtlı-vaxtında ödəyirəm, ona görə heç bir narahatlığım yoxdur”.

Müğənni Almaz Ələsgərlini 3000 manat cərimələyiblər: “Borcum var, hələ ödəməmişəm. İlin axırına qədər ödəyəcəyəm”.

Xalq artisti Gülyaz Məmmədova və müğənni Vasif Məhərrəmli məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.


Teqlər:  





Xəbər lenti