`O dünyanı görüb, qayıtdım` - Azərbaycanı çəkən fotoqraf (Müsahibə)

`O dünyanı görüb, qayıtdım` - Azərbaycanı çəkən fotoqraf (Müsahibə)
  17 Dekabr 2015    Oxunub:5796
Ölkəmizə istirahətə gələn və gəlmək istəyən turistlərin sayının getdikcə artdığı heç kimə sirr deyil. 21-ci əsrin internet əsri olduğunu nəzərə alsaq, insanlar informasiyanı ilk olaraq internetdə axtarır, əyani vəsait olaraq fotoları görmək istəyirlər.

Bu səbəbləri əsas götürən tanınmış fotoqraf Orxan Aslanov "My Azerbaijan" layihəsini və layihənin rəsmi saytı “myazerbaijan.az” saytını hazırlayıb. O, Azərbaycanın sahib olduğu saysız gözəllikləri dünyaya keyfiyyətli fotolar sayəsində təbliğ olunası üçün artıq yeni PR komandası ilə çalışır.

- Necə oldu ki, "My Azerbaijan" layihəsini yaratmağa qərar verdiniz?

- Vətənimə bağlılığım və onun gözəlliklərindən hər zaman zövq almağım nəticəsində bu layihəni yaratmağı özümə borc bildim. Səyahəti və təbiəti çox sevirəm. Keçən il yay aylarında ailəvi şəkildə ölkədaxili istirahətə yollandıq. Rayonlara səfərim zamanı şəhər və rayon həyatının fərqliliyi, təbiətin gözəlliyi, insanlarının səmimi və isti münasibəti mənə o qədər xoş təsir bağışladı ki, Bakıya qayıtdıqdan sonra internet vasitəsilə axtarış verib, növbəti səfərim üçün gedəcəyim rayonu seçmək istədim amma çox az və cüzi keyfiyyətdə olan virtual vəsait tapa bildim. Beləliklə, qərar verdim ki, yurdumuzun gözəlliklərini ən tez zamanda fotolar vasitəsilə insanlara təqdim və təbliğ etməliyəm və "My Azerbaijan" layihəsinin əsasını qoydum. Heç bir maddiyyat və təmənna güdmədən bu gün də layihəni öz hesabıma davam etdirirəm.

- Belə böyük bir layihəni hazırlamaq sizə çətin deyil ki?

- Keyfiyyətli iş görməyin layihədən asılı olmayaraq? hər zaman öz çətinlikləri olur, amma ətrafında yaxşı komanda varsa, artıq çətin olan hər şey asanlaşır. Təbii ki, "My Azerbaijan" layihəsini təkbaşına belə keyfiyyətli hazırlamaq çətin alınardı. Dostlarım Fariz Quliyev, Şəhriyar Kəyani, Murad Aslan, Rüfət Rəcəbov, Leyla İsmayılzadə, layihənin PR və menecment işləri ilə bağlı Nuranə Ağazadə və onun PR Akademiya komandası və əlbəttə ki, bizim digər rəsmi tərəfdaşlarımız "My Azerbaijan" layihəmizin daha keyfiyyətli alınması üçün mənimlə birlikdə çalışır. Onların mənə həm mənəvi, həm də iş tərəfdən dəstəyi layihəmizi daha da böyük uğurlara aparır.

- Sizi bu layihəni işləyən zaman ən çox ruhlandıran nədir?

- Həmyerlilərimizin göstərdiyi qonaqpərvərlik, əliaçıqlıq, insanpərvərlik məni bu layihəyə qarşı daha da həvəsləndirib, ruhlandırdı. Məsələn, hansısa rayonumuza çəkiliş üçün gedən zaman bu haqda Feysbukda paylaşım etdikdə elə həmin an o rayondan olanlar ya yazaraq, ya da zəng edərək bizi qonaq çağırıb, çox gözəl şəkildə qarşılayıb, qəbul edirlər. Əvvəllər qlamur tipli çəkilişlər aparıb, dəbdəbəli həyatı, məşhurların fotolarını çəkərdim amma bütün bunlardan bezdim. Təbiilik, sadəlik, səmimiyyət arzulamağa başladım və bütün axtardıqlarımı bölgələrdə, "My Azerbaijan" layihəsinin çəkilişləri zamanı tapdım.

- Bəs çəkiliş zamanı qarşılaşdığınız ən gözlənilməz hadisə hansı olub?

- Şəhərdə yaşayan insanlar elə düşünürlər ki, onlara heç bir fiziki xəsarət dəyə bilməz. Çünki, şəhərimizdə yaradılmış gözəl şərait, yollar, gözəl tikililərin yaratdığı rahatlıq buna imkan vermir. Amma, rayonda tam ekstremal şəraitdir. İnsan orda gözləmədiyi anda yıxıla da bilər, əzilə də, hətta həyatına son qoya da... Ekstrim şəraitdə yaşamaq əslində insanın həyatını çox maraqlı edir.

Bakıda həyat sistemli şəkildə davam edir, amma rayonda sabah nələr yaşanacağı heç vaxt əvvəlcədən bilinmir. Zaqatalada çəkiliş zamanı "Qəbzdərə" şəlaləsində çəkiliş etmək istədim. Bir il öncə həmin məkanda çəkiliş edərkən su dizimə qədər idi. Bu dəfə suyun artımını hiss edim amma təhlükəli nəsə olacağına inanmadım.

Suya girəndə isə çay məni apardı və özümü saxlaya bilməyib, boğulmağa başladım. Belimdə çəkiliş üçün bəzi ləvazimatların ağırlığı, üstəgəl suyun axarı üzməyimə əngəl yaratdı. Yaxşı ki, cəld tərpənib bir çay daşından yapışıb dayana bildim. Yoxsa axşam xəbərlərində ölüm xəbərimi eşidəcəkdiniz. Bir sözlə "Getdim, o dünyanı gördüm, gəldim"

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti