Putinin Türkiyəyə vurduğu 5 zərbə

Putinin Türkiyəyə vurduğu 5 zərbə
  16 Dekabr 2015    Oxunub:5730
Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin türklər tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranan iqtisadi müharibə bütün dünyanın diqqət mərkəzindədir.
Bir tərəfədə Qərbin və ABŞ-ın dəstəyi ilə regionda öz gücünü artıran Türkiyə, digər tərəfədə Qərbin sanksiyaları fonunda iqtisadi vəziyyətini normallaşdırmaq istəyən Rusiya. Bütün hallarda Rusiyanın Türkiyə ilə bir çox iqtisadi sahələrdə əlaqələrini dayandırmaq niyyəti hər iki ölkə üçün dərin fəsadlar yaradacaq.

Turizm

Qırıcı təyyarənin vurulmasından sonra rəsmi Moskva rusların Türkiyəyə getməsinə qadağa qoyub. Nəzərə alaq ki, Türkiyəyə Rusiyadan hər il 4 milyona yaxın turist gəlirdi, bu da 8 turistdən birinin rus olması deməkdir. Türkiyəyə gələn turist sayında ikinci yeri tutan Rusiyadan 2015-ci ilin sentyabr ayına olan məlumatlara görə, 3,3 milyon turist bu ölkəni ziyarət edib. Bundan başqa 2014-cü ildə Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34,3 milyard dollar olub. Deməli, rus turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırıb. Odur ki, ən böyük zərəri turizm sektoru görəcək.

Enerji

Məlum hadisədən sonra enerji sektorunda da böhran yaşanır. Belə ki, məlum qalmaqaldan sonra iki ölkə arasında elektrik, nüvə enerji sahələrdə əməkdaşlıq dayanıb. Həmçinin təbii qaz boru xətti layihəsi olan “Türk Axını”nın gələcəyi də sual altındadır. 2014-ci ilin dekabr ayında Putin tərəfindən təklif edilən boru xəttinin planlaşdırılan təxmini daşınmanın həcmi ildə 63 milyard kub metr olaraq hesablanmışdı. Türkiyə bu layihədən ildə təxminən 14 milyard kub metr təbii qaz alacaqdı və qalan 49 milyard kub metr qazı Avropaya ixrac edəcəkdi. “Cənub Axın”ın iflası fonunda “Türk Axını”nın da dayanması Rusiyanın cibinə ciddi təsir edəcək.

Bundan başqa Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Çünki, Türkiyə istifadə etdiyi qazın 55 faizini, yanacağın 30 faizini Rusiyadan alır.

Ticarət

Hər iki dövlət arasında ticarət dövriyyəsinin həcminin 2023-cü ilə qədər 100 milyard dollara qədər çatdırılması barədə danışıqlara yekun vurulmuşdu. Artıq imzalar da qoyulmuşdu. Təbii ki, “Su 24”ün vurulmasına qədər. Rusiya Statistika Komitəsinin məlumatına görə, təkcə 2014-cü ildə Rusiya Türkiyəyə 24, 5 milyard dollarlıq mal ixrac edib. Bu il ərzində isə Türkiyədən 6.4 milyard dollar həcmində mal alıb. İki ölkə arasında investisiya layihələrinə aparıcı dövlət və özəl şirkətlər cəlb edilib. Türkiyə “Rosatom”la nüvə reaktorunun quraşdırılması haqda 20 milyard dollarlıq müqavilə imzalayıb.

Rusiyaya tətbiq edilən sanksiyalar fonunda ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il iqtisadi münasibətlərə təsirsiz ötüşməyib. Cari ilin 9 ayında Türkiyənin Rusiyaya ixracı 40 faiz azalaraq 2,7 milyard dollara düşüb.

Qida sənayesi

Türkiyə Rusiyaya Avropa tərəfindən tətbiq edilən sanksiyalardan ən çox qazanan ölkə oldu. Bu zəmində Türkiyə 2014-cü ildə Rusiyanın meyvə-tərəvəz bazarındakı payını 19 faiz artırmışdı. Lakin son hadisələrdən sonra rəsmi Moskva bazarlarının qapısını Türk meyvələri üçün bağladı. Həmçinin Türkiyə Rusiya bazarlarına toyuq əti ixrac edən mühim ölkələrdən biridir. Təkcə ötən il Rusiyaya 16 milyon dollar dəyərində toyuq əti ixrac edilib. 2015-ci ilin sonunda isə bu rəqəmin 23,5 milyon dollar olacağı proqnozlaşdırılırdı. Rusiya rəsmiləri Türkiyənin yerinə alternativ ölkə axtarsa da hələ ki, bu, yaxın müddətdə mümkün olmayacaq.

Eyni zamanda Rusiya da bu prosesdən itkisiz çıxmayacaq. Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il rus iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satır.

İnşaat sahəsi

Türkiyə Rusiyada istehsal edilən polad məhsullarının əsas alıcılarındadır. Rusiya 2014-cü ildə idxal etdiyi inşaat materiallarının 35 faizini Türkiyədən alıb. Həmçinin “Soçi” Olimpiya Oyunlarında tikinti işlərində türk şirkətləri ön sırada gedirdi.

Bütün hallarda iki ölkə arasında “Su24”ə görə başlayan iqtisadi müharibədə uduzan tərəfin daha çox Rusiya olacağı görünür. Çünki, son illər bu ölkənin iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyib və büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranıb. Neft və qazın qiymətinin ucuzlaşması fonunda bu ölkənin iqtisadi sahədə irəli getməsi real görünmür.

Türkiyənin isə bu il ərzində iqtisadiyyatı 2,9 faiz, sənayesi 8,4 faiz artıb. Odur ki, Rusiyanın elan etdiyi bu iqtisadi müharibədə ölkənin mövcud iqtisadi və sosial böhranı dərinləşəcək, istehlak və əmlak qiymətləri bahalaşacaq. Bu da öz növbəsində sosial partlayışa səbəb ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti