İnsanlar həftədə 64 saatı oturaq, 28 saatı ayaq üstə, 11 saatı isə gəzərək keçirirlər. Bu isə gün ərzində 9 saatdan çox oturmaq deməkdir. Qəhrəmanımız Şəhla Məmmədova da 20 ildir ki, ofis şəraitində işləyir. O, gün ərzində 8 saat kompüter qarşısında oturaq vəziyyətdə olur.
Həkimlər uzun müddət hərəkətsiz halda oturaq vəziyyətdə qalmağın insan orqanizmində bir çox fəsadlara səbəb olduğunu deyir. Belə ki, bu vaxt orqanizmdə hipodemiya adlı hal baş verir ki, bunun ağırlaşmaları ostexondroz, boyun, bel yırtıqları kimi xəstəliklərə gətirib çıxarır. Həkimlərin sözlərinə görə, günün əsas hissəsini oturaraq keçirdikdə əzələlər, xüsusən də ayaq əzələləri hərəkətsiz qaldığından bədəndə qan dövranı sürəti azalır.
Gündə 6 saatdan çox oturan adamın ürək xəstəliklərinə tutulma riski 18%, şəkərli diabetə tutulma riski isə 7 % çox olur. Ofis şəraitində işləyənlərdə psixoloji gərginlik, cəmiyyətdən uzaqlaşma, özünəqapanma kimi vərdişlər də yaranır.
Yaranan gərginlikləri aradan qaldırmaq mümkündür. Mütəxəssislər tövsiyə edir ki, ofis şəraitində işləyənlər gün ərzində sabit formada oturmamalı, hər yarım saatdan bir ayağa qalxaraq gəzməlidirlər. Bu isə planlı şəkildə həyata keçirilməlidir.
Unutmayın ki, bu məsləhətlərə əməl etməklə siz gələcəkdə səhhətinizdə yarana biləcək fəsadları aradan qaldırmış olarsız.