Mərkəzi Bankı nə gözləyir? - Pul kəskin azalıb
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, noyabr ayında dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilib, bu da birmənalı şəkildə Mərkəzi Bankının valyuta ehtiyatlarına təsir göstərir.
“Dollara tələbat artdıqca, Mərkəzi Bankın intervensiya xərci artır. Mərkəzi Bank intervensiya etməsə, qara bazar formalaşa bilər və bu zaman qara bazarda dollar daha baha qiymətə təklif edilə bilər. Bu baxımdan azalma gözlənilən idi. Dollar dünya bazarında möhkəmləndikcə, Mərkəzi Bankın valyutasında azalmalar müşahidə ediləcək. Bu, təbii ki, arzuolunan hal deyil. Belə ki, manatın məzənnəsinin qorunub saxlanması baxımından Mərkəzi Bankın valyuta ehtiyatları çox vacibdir. Valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın intervensiya imkanlarını məhdudlaşdırır”.
V.Bayramov hesab edir ki, belə olan halda Mərkəzi Bank üzən valyutaya keçidlə bağlı işlərini sürətləndirəcək: “Qonşu ölkələrin hamısı üzən valyuta rejimini tətbiq edir. Əksər MDB ölkələrində birbaşa tənzimlənən valyuta rejimi istifadə edilmir. Güman edilir ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçəcək. Təbii ki, belə olsa Mərkəzi Bank digər ölkələrdə olduğu kimi tənzimlənən valyuta rejiminə keçəcək. Üzən valyuta rejiminə keçid 2016-cı ildə baş verə bilər. Bu zaman manatın məzənnəsində ilkin olaraq psixoloji azalmalar müşahidə ediləcək. Çünki üzən valyuta rejiminə keçən bütün ölkələrdə milli valyutaların məzənnəsində ilk olaraq 20 faizə yaxın azalma qeydə alınır. Daha sonra manatın məzənnəsinin stabilləşməsi və Mərkəzi Bankın intervensiyasının saxlanılması müşahidə olunacaq. Bu, imkan verəcək ki, Mərkəzi Bank valyuta ehtiyatlarındakı azalmanı qoruyub saxlaya bilsin.
Valyuta ehtiyatlarının 6 milyard dollara yaxınlaşması üzən valyutaya keçidlə bağlı bir siqnaldır. Üzən valyutaya keçid manatın məzənnəsinin bazar tərəfindən müəyyənləşdirilməsinə gətirib çıxaracaq”-deyə ekspert vurğulayıb.
Anar Kəlbiyev
Teqlər: