Bakı Qarabağ planının detallarını açıqladı

Bakı Qarabağ planının detallarını açıqladı
  20 Noyabr 2015    Oxunub:3866
“Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb. Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsın. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın”.

Bunu Rusiyanın xarici işləri naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

PA rəsmisi bildirib ki, Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur:

“Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərində də bu müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır”.

N. Məmmədov həmçinin bildirib ki, bir il ərzində Avropaya 800 minə qədər qaçqın gəlib və görün bu, hansı problemlərə səbəb olub. ABŞ-da da artıq müzakirə edirlər ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər: "Azərbaycan Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı. Ölkəmiz o çətin dövrdə bu problemin öhdəsindən bacarıqla gəldi. Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər. Ancaq Azərbaycanın bir dəfə də adını çəkmirlər. Azərbaycan Avropa ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edirsə, biz Assosiasiya sazişi təklif edirlərsə, niyə Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri qeyd etmirlər?

Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verir. Bəs bu qurumlar niyə qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmır? Azərbaycandakı siyasi muzdurları müdafiə edirlər. O dövlətlərin qurumları qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, torpaqlarımızın işğalı, BMT qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı da bəyanat versinlər. Bunlar olmayanda, Azərbaycanla münasibət qurmaq çətin olur. Bu, Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti