`Bəzi saytlar MTN tərəfindən himayə olunub`

`Bəzi saytlar MTN tərəfindən himayə olunub`
  20 Noyabr 2015    Oxunub:3439
Bu gün Mətbuat Şurasının təşəbbüsü ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış” mövzusunda “dəyirmi masa” keçirilib.
AzVision.az-ın məlumatına görə, toplantıda son günlər bəzi media orqanlarının, əsasən internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı ajiotaj müzakirə olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, son zamanlar bəzi KİV-lərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş verən hadisələrlə bağlı təzadlı informasiyalar yayılıb.

“Təəssüflə qeyd etmək lazımdır ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş informasiyalar yayırlar. Baş verən olaylarla bağlı KİV-də yayılan xəbərlərdə diqqəti cəlb edən bir sıra hallar var. Populyar olmayan saytlar aktiv olmağa başlayırlar və yoxlanılmamış informasiyalar yayırlar. Təəssüf ki, bəzi KİV-lər həmin saytlara istinadən informasiya yayırlar. Bu hal Mətbuat Şurasının daha çox narahat edir”.

Ə. Amaşov bildirib ki, bəzən KİV-lər arasında informasiyanı kim daha tez və rezonans yaradan şəkildə verər kimi mübarizəyə girir: “Bəzi məqamlarda KİV-lər ajiotaj yaradırlar. Doğrudur, bəzən bu bilməyərəkdən olur. Bu, başa düşüləndir. Amma bəzən qəsdən edilir. Ona görə də informasiyanı yayan zaman dəqiqliyinə diqqət yetirilməlidir”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib ki, bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: “Qərəzli məlumatların yayılmasına maraq var. Son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyatı yoxdur. Bəzi “reket” saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlamaqla məşğuldurlar. Hadisələrə etik media konteksindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmur. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman xeyli media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi “reket” saytlar bir neçə adlarla fəaliyyət göstərirlər. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur”.

Tədbirdə çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytın işində cinayət əməli varsa, hüquqi addımlar atılmalıdır: “Belə əməllərlə məşğul olanlar şəbəkələşmiş formadadırlar. Ona görə də onların üzərinə fərdi formada getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır.

Bu günə qədər belə qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunması ilə bağlıdır. Belə saytar təsadüfən peyda olmayıblar. Bəzi saytlar vaxtilə MTN tərəfindən himayə olunub. Belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şahidi olmuşam. Hətta özümə qarşı da olub”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə yalan xəbər yayan saytları dövlətçilik mövqeyi ortaya qoymağa çağırıb. Bildirib ki, belə hallar dövlətə və xalqa ziyan gətirirsə, ona dur demək lazımdır.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti