`Gəlin, ədalətli olaq...`- Novruz Məmmədov

`Gəlin, ədalətli olaq...`- Novruz Məmmədov
  20 Noyabr 2015    Oxunub:2395
“Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə ilin ən mühüm hadisəsi olan “Böyük İyirmiliy”in (G-20) Antalya sammitində iştirak etməsi olduqca mühüm əhəmiyyətə malikdir”.

Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Onun sözlərinə görə, sammitdə müzakirə edilən mövzular, aparılan fikir mübadilələri və digər məsələlər uzun müddət müəyyən siyasi, analitik mərkəzlərin müzakirə mövzusu olacaq:

“Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri, Avropa Komissiyasının prezidenti, Malayziya baş naziri ilə görüşləri oldu. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş keçirilib. Bu görüş və qarşılıqlı münasibətlər iki dövlət və prezident arasında səmimiliyin bir göstəricisi idi”.

O, qeyd edib ki, Azərbaycanın məqsədi Avropa ilə, Qərblə sıx əməkdaşlıqdır: “Azərbaycan bu günə qədər postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir. Ancaq Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Yəni bizə münasibətdə ədalətli olsunlar. Son bir neçə ildə Avropada, ABŞ-da bəzi dairələr bizə ədalətsiz münasibət göstərdi və biz də buna münasibətimizi bildirdik. Biz deyirik ki, gəlin bir-birimizə qarşı ədalətli olaq. Bu gün dünyada müşahidə etdiyimiz hadisələr böyük dövlətlərin apardıqları siyasətin nəticəsidir. Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar”.

“G20”nin bu gün dünyanın ən mühüm qurumlarından hesab olunduğu deyən Novruz Məmmədov bildirib ki, dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi G20 ölkərinin payına düşür: “Bu nöqteyi-nəzərdən, “G20” ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Belə bir sammitin keçirilməsi həm də ona görə mühümdür ki, dünyada bu ilin əvvəlindən proseslər həddindən artıq intensivləşib, müəyyən mənada gərginləşib. Bu sammitdən 1-2 gün əvvəl, yəni təxminən eyni vaxta düşən Parisdəki terror hadisələri sammitə diqqəti daha da artırdı”.

O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev sammitə xüsusi qonaq kimi dəvət olunub, tədbirlərin hər birində iştirak edib, nitq söyləyib: “Sammitə dəvət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu dəvət iki qardaş, tərəfdaş dövlətin beynəlxalq aləmdə gedən proseslərə mühüm təsirinin olduğunu nümayiş etdirir. Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın beynəlxalq, xüsusilə enerji sahəsində əməkdaşlıqda mühüm rol oynadığını qeyd etdi. Azərbaycan dövlət başçısının bu sammitdə iştirakı tarixi hadisədir”.

PA rəsmisi deyib ki, Azərbaycan prezidenti sammit çərçivəsində keçirilən iclaslarda iqlim dəyişiklikləri, dünya iqtisadiyyatının inkişafı, enerji təhlükəsizliyi, işsizliyin ləğvi, sərmayə strategiyası, qlobal çağırışlar, təhlükəsizlik kimi mövzularla bağlı çıxışlar edib, fikirlərini çatdırıb: “Prezident təhlükəsizliklə bağlı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha vurğuladı, Azərbaycan həqiqətlərini topantı iştirakçılarının diqqətinə çatdırdı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti