100 yaşlı Akademikə `Şərəf` ordeni verildi - Foto

100 yaşlı Akademikə `Şərəf` ordeni verildi - Foto
  20 Noyabr 2015    Oxunub:3426
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov da var.
AzVision.az xəbər verir ki, Prezidentin Sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub. “Şərəf” ordenini alimə öz evində AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edərək bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadimini təbrik edib, ona can sağlığı arzulayıb. İsmayil İbrahimov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Həyatın hər çətinliyi ilə üzləşən qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyib: “Çünki elm cəmiyyətin inkişafına, rifahına xidmət edir”. Tanınmış alim yaşının bu müdrik çağında da Azərbaycan elminə dəyərli töhfələr verməkdə davam edir. Kompüterləşdirmə və informasiyalaşdırma problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur.

Azərbaycanın ilk informatik alimi “İstehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi” adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb. Elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilib.

İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.

Qalereya




Teqlər:  





Xəbər lenti