Müsavatda ciddi etirazlar başladı

Müsavatda ciddi etirazlar başladı
  29 Oktyabr 2015    Oxunub:2966
“Müsavat Partiyasının Milli Məclisə keçiriləcək seçkilərdə iştirakını dayandırmasını yanlış qərar hesab edirəm”.
Bu fikirləri AzVision.az-a Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.

O, hesab edir ki, bu qərar ya əvvəldən verilməli idi, ya da seçkiyə 3 gün qalmış verilməməli idi: “Bu qərarı verməklə Müsavat Partiyasının rəhbərliyi dolayısı ilə 1 ay əvvəl seçkiyə qatılmaqla bağlı qəbul etdikləri qərarın səhv olduğunu etiraf etmiş oldu. Təəssüf ki, bu qərar Müsavat Partiyasını həm müxalifət daxili, həm də iqtidardakı opponentləri qarşısında daha da zəif vəziyyətə saldı. Hesab edirəm ki, partiyanın seçkidən imtina etməklə bağlı arqumentləri çox zəifdir.

Təəssüflə bildirirəm ki, bu qərarın verilməsi Arif Hacılının rəhbərlik etdiyi komandanı idarə edənlərin siyasi uzaqgörənliyinin olmamasından irəli gəlir. Nə siyasi, nə hüquqi, nə də mənəvi baxımdan heç bir əsasları yoxdur. Bu günə qədər boykot qərarı verilmiş seçkilərin legitimliyi nə daxildə, nə də xaricdə şübhə altına alınmayıb”, - deyə T. Abbaslı qeyd edib.

T. Abbaslı hesab edir ki, Müsavatın seçkidən imtina qərarı partiya daxilində narazılığı daha da artıracaq: “Müsavatın 25 namizədi qeydə alınmışdı. Bu qərar onlara imza verən, imza toplayanların haqqını tapdamaq deməkdir. Ona görə də bunu səhv qərar hesab edirəm”.

Deputatlığa namizədliyini geri götürüb-götürməyəcəyinə dair suala isə T. Abbaslının cavabı belə olub: “Namizədliyimi Müsavat partiyasında yox, öz təşəbbüsümlə vermişəm. Ona görə də partiya qarşısında heç bir öhdəliyim yoxdur. Qərarı da yanlış hesab etdiyimə görə, namizədliyimi geri götürməyəcəm”.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti