Mətbuat Şurası “reket KİV-lər”lə niyə bacarmır?

Mətbuat Şurası “reket KİV-lər”lə niyə bacarmır?
  29 Oktyabr 2015    Oxunub:2388
Son günlər Azərbaycanda MTN olayları fonunda “reket KİV-lər”lə bağlı məsələ yenidən gündəmə gəlib. Mətbuat Şurası bu istiqamətdə ciddi addmlar atdığını bəyan etsə də, nəticə göz qabağındadır: reketçiliklə məşğul olan KİV-lərin sayı getdikcə artır.
Azərbaycan Mətbuat Şurasının "Reket Jurnalistika"ya Qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə bu məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bir çox məqamlara aydınlıq gətirib.

MŞ təmsilçisi bildirib ki, hazırda 100-ə yaxın mətbuat orqanının adı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”da yer alır.

O, qeyd edib ki, Mətbuat Şurasının reket qəzetlərə qarşı apardığı mübarizə kifayət qədər effektlidir. Təkcə Mətbuat Şurası deyil, ictimaiyyət də bu mübarizəyə dəstək verir.

V.Rəhimzadənin sözlərinə görə, Mətbuat Şurasının çıxardığı qərarlar ictimai qınağa söykənən qərarlardır. MŞ rəsmisi həmçinin bildirib ki, əvvəllər Mətbuat Şurasının “qara siyahı”sına düşən qəzetlərin sayı daha çox idi: “İki dəfə - 2010 və 2013-cü illərdə həmin “qara siyahı”ya düşən qəzetlərin redaktorları tərəfindən Mətbuat Şurasına müraciət ünvanlandı. Onlar xahiş etdilər ki, artıq jurnalistlərin peşə davranışı qaydalarına riayət edirlər və onların adlarını “qara siyahı”dan çıxaraq. Bu müraciətlərə əsaslanaraq Mətbuat Şurasında Apellyasiya Qrupu yaradıldı. Yaradılmış qrup müraciət edən qəzetlərin fəaliyyətlərini təftiş etdi. Aparılan araşdırmalar nəticəsində müraciət edən 50-dən artıq qəzetdən 26-sı 2010-cu ildə, 7-si isə 2013-cü ildə “qara siyahı”dan çıxarıldı.

V.Rəhimzadə diqqətə çatdırıb ki, Komissiyaya bu gün də belə müraciətlər daxil olur. Komissiya sədri onu da vurğulayıb ki, son illərdə rekertçilik əsasən yazılı mediadan onlayn mediaya transfer edib.

Onun sözlərinə görə, bu gün internet media orqanlarından da peşə davranış qaydalarının pozulması ilə bağlı Mətbuat Şuraslna kifayət qədər müraciətlər daxil olmaqdadır. Peşə davranışı qaydalarını kobud şəkildə pozan, qərəz, böhtan, şəxsi maraqlarını təmin etmək üçün hər hansı bir fərd haqqında davamlı qərəzli yazılar dərc edən saytların çox olduğunu bildirən V.Rəhimzadə artıq Rekert Jurnalistikaya Qarşı Mübarizə Komissiyasına bir saytla bağlı şikayət daxil olduğunu da söyləyib.

V.Rəhimzadənin sözlərinə görə, bəzi region mətbuatı, o cümlədən Qazax, Şəki, Gəncəbasar bölgələrində, o cümlədən paytaxt Bakıda dərc olunan qəzetlərlə bağlı belə şikayətlər var. Şikayətlər isə daha çox insanların şərəf və ləyaqətini alçaltmaq, böhtan və təhqir xarakterli yazılarla bağlıdır: “Elə saytlar var ki, bir nəfər haqqında gün ərzində 3 xəbər yerləşdirir. Deməli, burada qərəz var. Keçən həftə Mətbuat Şurasının Şikayətlər Komissiyasının və İdarə Heyətinin iclası oldu. İdarə Heyətinin iclasında qərara aldıq ki, Mətbuat Şurasının üzvü olmaq üçün müraciət etmiş 10-dan artıq saytın təsisçiliyə üzvlüyünü qəbul etməmişdən əvvəl onların fəaliyyətlərini nəzarətdə saxlayaq. Baxaq görək, həmin saytlar saf niyyətlə fəaliyyət göstərirlərmi? Ona gör də təsisçiliyə müraciət edən saytları müəyyən müddət nəzarətdə saxlayacağıq. Əgər onların normal fəaliyyət göstərdiyi məlum olsa, barələrində müsbət qərar qəbul olunacaq”.

V. Rəhimzadə bildirib ki, elə qəzet var ki, Mətbuat Şurasının “qara siyahı”sında olub, lakin sonradan o, “qara siyahı”dan çıxarılıb. Amma hazırda həmin qəzetlə bağlı Mətbuat Şurasında 40-a yaxın müraciət var. Təbii ki, həmin müraciətlərin hamısı araşdırılır. Əgər bir qəzet ikinci dəfə “qara siyahı”ya salınırsa, artıq onu siyahıdan çıxarmaq mümkün olmayacaq.

Milli Məclisdə Mətbuat Şurası ilə bağlı qanunun qəbul olunmasının zəruriliyini qeyd edən V. Rəhimzadə bildirib ki, belə bir qanun qəbul olunsa, Mətbuat Şurasının qərarları da hüquqi xarakter daşıyar. Amma hazırda bu qurumun hüquqi qərar çıxarmaq kimi təsirli səlahiyyəti yoxdur.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti