Metronun həll olunmayan problemi - BASABAS

Metronun həll olunmayan problemi - BASABAS
  29 Oktyabr 2015    Oxunub:3132
Bakı metrosundan gün ərzində yüz minlərlə sərnişin istifadə edir. Metro həm ucuz nəqliyyat vasitəsidir, həm də bu nəqliyyatla ünvana tez çatmaq olur. Bakının bu başından o başına getmək üçün təxminən 50 dəqiqə vaxt lazımdır. Amma mənzil başına çatmaq heç də asan başa gəlmir. Belə ki, qatarlardakı sıxlıq səbəbindən sərnişinlər bir neçə qatar buraxmalı olurlar ki, bu da vaxt itkisinə səbəb olur.

Metronun qış qrafikinə keçməsinə baxmayaraq, intervalın azaldılması da sıxlığı aradan qaldırmır.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sərnişinlərin üzləşdiyi problemlərlə bağlı AzVision.az-ın suallarını cavablandırıb.

İlk öncə metroda yaşanan sıxlıq probleminə münasibət bildirən N.Paşayev bildirib ki, metrodan yay qrafikində gün ərzində təxminən 400-450 min sərnişin istifadə edir. Onun sözlərinə görə, yay qrafikində qatarların hərəkəti saatda 24 cüt qatarla tənzimlənir.

QSC rəsmisi vurğulayıb ki, qış qrafikində isə gün ərzində təxminən 700 min sərnişin Metropolitenin xidmətlərindən istifadə edir: “Eyni zamanda 15 sentyabr tarixindən tətbiq edilən qış qrafikində saatda 30 cüt qatar hərəkət təşkil edilir. Statistikadan da göründüyü kimi qatarların sayı artırılıb. Eyni zamanda qatarlararası interval “Həzi Aslanov” – “28 May” stansiyası arasında pik saatlarda 2 dəqiqə olaraq tənzimlənir.Yay qrafikində isə bu 2.5 dəqiqə idi”.

N. Paşayev pik saatlarda sərnişin sıxlığının hiss olunduğunu etiraf edib. O, qeyd edib ki, bu sıxlıq yalnız gələcəkdə tikiləcək xətlər, stansiyalar, eyni zamanda “28 May” stansiyasında kəsişən qırmızı və yaşıl xətlərin ayrılmasından sonra aradan qalxacaq: “Ancaq Metropoliten maksimum interval və maksimum qatar sayı ilə hərəkət edir. Gələcəkdə yeni tikiləcək xətlər, stansiyalar bu sıxlığı aradan qaldıracaq”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti