Ev tapşırıqları niyə qadağan edilməlidir? - Ekspert

Ev tapşırıqları niyə qadağan edilməlidir? - Ekspert
  29 Oktyabr 2015    Oxunub:8688
Azərbaycanda yaxın illərdə şagirdlərə ev tapşırıqlarının verilməsinin ləğv olunacağı gözlənilir. Dünyanın bir çox ölkələrində bu metod çoxdan tətbiq olunur. Belə ki, bəzi ölkələrdə şagirdlər dərsləri yalnız məktəb daxilində qavrayır və evə heç bir tapşırıq verilmir. Bu təcrübənin bizdə də tətbiq olunacağı ehtimal edilir.
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirlik ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələri üçün tövsiyə verməklə kifayətlənib.

Nazirlikdən bildirilib ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir.

Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.

Təhsil üzrə ekspert Nadir İsrafilov AzVision.az-a açıqlamasında bildirib ki, ev tapşırıqlarının ləğv edilməsi aktual mövzudur.

Ekspert hesab edir ki, təhsil sahəsində müəyyən islahatlar aparılarkən dünya təcrübəsi əsas götürülür. Amma dünya təcrübəsində elə məsələlər var ki, bizdə birmənalı qarşılanmır: “Biz adətən təhsil dedikdə bilik vermək məsələsini ön plana çəkirik. Nə edək ki, şagidin biliyi, bacarığı artsın? Amma pedaqoqika tək bilik və bacarıqlardan ibarət deyil, burada fizioloji, psixoloji, sağlamlıq məsələləri var. Sovet dövründə tədris həftəsi 35 həftə idi. Son illər beş günlük tədris həftəsinə keçmişik. Bundan başqa sovetlər vaxtında tədris 7 yaşdan sonra başlanırdı. İndi 6 yaşlılar və xüsusi komissiya vasitəsilə, hətta 5 yaşlı uşaqlar da məktəbə cəlb olunurlar. Məsələ elə qoyulub ki, məktəbə qəbul olmaq üçün mütləq məktəbəqədər hazırlıq kurslarını keçməlidir”.

Fənnlərin sayının artırılması, əlavə materialların salınması, şagirdlərin yüklənməsinin şagirdlərin sağlamlıq imkanları ilə üst-üstə düşmədiyini deyən N. İsrafilovun sözlərinə görə, universitet tələbələri sovet dövründəki 5-ci sinif uşaqlarını xatırladır.



“Təhsilin 12 illik sistemə keçməsi proqram materaillarının yüngülləşməsinə səbəb olacaq. Tədris həftəsinin 3 həftə uzadılması da bu yükü azaldır. Yəni bu sahədə islahatlar aparılır. Amma gələcəyimizi qorumaq üçün keçmişə nəzər salmalıyıq. Sovet dövrünün təhsil sistemində məktəblilərin asudə vaxtının təşkili adlı anlayış var idi. Yəni şagirdlərin günü məktəblə məhdudlaşdırılmırdı. Məktəbdənxaric, sinifdəncxaric tədbirlər keçirilirdi. Dərs cədvəlinin tərtibi məsələsi mövcud idi ki, ağır dərslər hansı günə, qismən yüngül dərslər hansı günə salınmalıdır. İndi bu məsələlər unudulub. Hətta Yaponiya kimi ölkədə şagirdlərə ev tapşırıqları verilmir. Çünki şagird dərsi məktəbdə öyrənməli, evdə isə ancaq uşaqlıq həyatını yaşamalıdır. Təbii ki, şagirdlər arada dərslərə də baxmalı, təkrarlamalıdır. Amma bizdə evə elə tapşırıqlar verirlər ki, heç yemək yeməyə, asudə vaxtını keçirməyə, fiziki sağlamlığı üçün şagirdin vaxtı olmur. Odur ki, ev tapşırıqları məhdudlaşdırılmalı və gələcəkdə ev tapşırıqlarını aradan götürülməlidir”.

N.İsrafilov onu da qeyd edib ki, hazırda dünya təcrübəsində təhsil alanlardan nəyi: biliyi, yoxsa anlamağı tələb etməliyik sualı üzərində ciddı düşünülür. Əgər biz məktəblərimizdə anlamağı bacaran şagirdlər yetişdirə bilsək , şübhəsiz ki, tədricən ev tapşırıqlarının verilməsinə elə bir ehtiyac da qalmayacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti