`Rəqəmsal biznes` necə qurulmalıdır?
Biznesin inkişafı, genişlənməsi və daha geniş auditoriyaya çatdırılması və son nəticədə məhsul və xidmətlərin effektiv satışına nail olmaq hər bir şirkətin strateji iş planına daxil olan məsələdir. Lakin heç də bütün şirkətlər bu məqsədə nail ola bilmir və ya qismən nail olurlar. Bu məsələ xüsusilə böhran dövrlərində daha qabarıq şəkildə əks olunur.
Rəqabət imkanlarının günü-gündən genişləndiyi və yeni informasiya və kommunikasiya texnologiyalarının hər bir evə daxil olduğu, informasiya cəmiyyətinin yeni tip insan formalaşdırdığı şəraitdə bizensin optimal şəkildə qurulması yeni ideyalar və güclü kreativ komanda tələb edir.
Məhz belə şəraitdə şirkətlərin qarşısında duran mühüm məsələlərdən biri də dayanıqlı müştəri bazasının formalaşdırılması və böhranlı dövrlərdə az xərclərlə mühüm nəticələrin əldə edilməsidir. Artıq ikinci onilliyinin yarısına qədəm qoyduğumuz XXI əsrdə biznes ənənəvi formadan çıxaraq kreativ ideyaların əks olunduğu, yeni inqilabi yanaşmaların tətbiq edildiyi, kütləvilik prinsipinin əsas götürüldüyü bir sahəyə çevrilir.
Belə ki, 10 il əvvəl bəlkədə ən təcrübəli top menecerlərin gələcək fəaliyyətinə inanmadığı start aplar (Google, Facebook, Whats App, İnstagram, Amazon) indi ən böyük rəqəmsal texnoloji şirkətlərdirlər. Şirkətlərin fəaliyyət dəyərlərinin yeniləndiyi, rəqəmsal inqilabın baş verdiyi, artıq qeyd etdiyimiz kimi yeni informasiya insanı tipinin yarandığı günümüzdə ideyanın gücü günü-gündən mühüm əhəmiyyət daşıyır və biznes daha çox yaradıcılıq və müştərinin həyatını yaxşılığa doğru dəyişmək, onlara əlavə əyləncə imkanlarının verilməsi üzərində qurulur. Belə ki, artıq müştərilərin həyatına təsir edə bilməyən, onların həyatını müsbət istiqamətə dəyişə bilməyən, kontentin yenilənmədiyi biznes sahələri tez bir zamanda bazardan yox olur, öz yerini daha prinsipial rəqibə verir.
Məhz buna görə də müasir informasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat dövründə rəqəmsal biznesin bir sıra xüsusiyətlərini diqqətə almaq hər bir şirkət üçün mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal texnologiyalarla məşğul olan şirkətlər lokal deyil, qlobal olaraq rəqabətə hesablanan fəaliyyəti əsas götürməlidirlər.
Qlobal rəqabətə hesablanan biznes heç də lokal biznesin imkanlarının heçə sayılması və lokal biznesdən imtina demək deyildir. Bu ilk növbədə o deməkdir ki, indiki şəraitdə internetə bağlı olan istənilən şəxs potensial müştəridir və rəqəmsal texnologiya əsrində internet şəbəkəsi ilə çalışan bütün məhsulların bazarı lokal – bir şəhər, ölkə və region deyil, qlobaldır, yəni məhz dünya internet şəbəkəsinin istifadəçisi olan hər bir şəxsdir. Bu tip biznesin qurulması və belə biznesdə yeni xidmət və məhsullar istənilən yerdə öz alıcısını tapa bilər.
Burada istənilən onlayn şatış bazarı və ya telekommunikasiya sferasında yeni yanaşma olan İPTV/OTT internet televiziya məhsulundan danışmaq yerinə düşər. Belə ki, bu texnologiya sərhəd tanımayan, dünyanın istənilən nöqtəsində internetə çıxışın olduğu aktual bir texnologiyadır. İPTV/OTT texnologiyasının ölkəmizdə də inkişafı vacibdir və bir neçə ildən sonra zəruri olacaq. Bu həmçinin o deməkdir ki, gələcək TV hansısa ənənəvi TV, qurğu üzərində deyil, inqilabi texnologiya və hər yerdə əldə edilə bilən tətbiqlər üzərində mümkün olacaq. Yəni istifadəçi İPTV/OTT texnologiyasını alaraq təkcə öz evində deyil, işlədiyi ofisdə, başqa ölkəyə səyahət edən zaman öz otel otağında, xaricdə olan evində özünün seçdiyi və sevdiyi kontentə baxa biləcək. Burada televiziya evə bağlı qurğu yox, mobil olan, daşına bilən, sərhədləri aşan və həmçinin istifadəçiyə bir çox digər imkanlar verən televiziya olacaq. Şirkətin lokal biznesdən qlobal biznesə çevrilməsi də bu halda mükün olacaq.
Məhsulların idarəedilməsi deyil, müştərilərin idarəedilməsi əsas yanaşma olmalıdır
Hər hansı bir biznesdə məhsulun idarəedilməsi deyil, müştərilərin idarəedilməsi prinspilərinin işlənilməsi həmin biznes sahəsinin inkişafına gətirib çıxara bilən haldır. Fikrimizi əyani şəkildə belə bir metoddan istifadə edərək izah edə bilərik. Təsəvvür edin ki, hər hansı bir şirkət məhsul və ya xidmət satır. Şirkət öz fəaliyyətini məhsulun və xidmətin satışı üzərində cəmləşdirib, məhsula görə hesablanmış bir qiymət təyin olunub və yalnız cari gəlir düşünülür və şirkətin fəaliyyətinin genişlənməsi üçün hər hansı bir güşətə gedilmir. Bu da son nəticədə ona gətirib çıxardır ki, şirkətin gəliri yalnız məhsulun satışından formalaşır.
Bu zaman bazarda ikinci bir yeni şirkətin yaranır və o məhsul yönümlü yox, istifadəçi yönülmü istiqamət seçir və tezliklə daha çox uğur əldə edir. Yəni yaranmış yeni şirkət birincidən fərqli olaraq uğuru istifadəçilərin daha düzgün idarəedilməsi ilə qazanır. Əgər müasir dövrdə şirkətlərin satış texnologiyasına nəzər salsaq görərik ki, onlar öz fəaliyyətlərini məhz bu strategiya üzərində qurur. Belə ki, şirkət ilkin etapda müştəriyə müəyyən məbləği güzəştə getməklə təxmin oluna bilən gələcəkdə daha çox gəlir əldə etmək metodu üzərində fəaliyyət göstərir. Əgər bu prinsipi biz İPTV/OTT texnologiyası üzərində qursaq, qlobal şəkildə istifadəçiyə məhsulun daha tez və asan əldə edilməsi imkanını versək, gələcəkdə istifadəçilərin idarəedilməsi, yəni onlara əlavə xidmətlərin satışı ilə şirkətin imkanlarını daha da genişləndirə bilərik.
Müştəri deyil, istifadəçi kütləsinin əldə edilməsi əsas yanaşmalardan biri olmalıdır
Şirkətin fəaliyyətinin inkişafının başqa bir maraqlı üsulu müştəri deyil, istifadəçi kütləsinin əldə edilməsidir. Belə ki, bu üsul rəqəmsal iqtisadiyyat dövründə şirkətlərin fəaliyyəti və biznesin optimallaşdırılmasında daha çox ifadə olunur. Belə ki, bir müddət əvvəl start ap olmuş indi isə böyük biznesə çevrilmiş şirkətlər hazırda onların təqdim etdiyi məhsullara maraq göstərən insanlara istidafəçi statusu verməyə cəhd edirlər. Yəni, onların düşüncəsində alış və transksiya deyil, məhz diqqət və maraq insanı müştəri bazasına çevirir.
Qeyd edək ki, bir sıra xidmətlərin insanlara pulsuz təqdim edilməsi insanlarda müəyyən məhsula qarşı maraq yaradır ki, bu da son nəticədə insanı həmin brendin aktiv istifadəçisinə çevirir. Bu yanaşmanı da biz İPTV/OTT texnologiyası ilə müqayisədə götürsək görərik ki, daşına bilən televiziyanın insanlar üçün asan və əlçatan edilməsi və həmçinin bu texnologiya vasitəsilə insanlara əlavə sosial xidmətlərin məsələn, sosial şəbəkələrə çıxış, audio və video faylları pulsuz dinləmə, tanınmış proqramlara pulsuz giriş imkanı və s. verilməsi kütləvi istifadəçi qazanmaq və bunun üzərində əlavə reklam satışının təşkili kimi biznes imkanlarının genişlənməsi ola bilər. Yəni şirkət müştəriyə müəyyən xidmətləri pulsuz təqdim etməklə istifadəçi kütləsi əldə edir. Kütləvi şəkildə istifadəçilərin əldə olunmasından sonra mövcud texnologiya üzərindən yeni imkanlar yaratmaq və xidmətlərsatmaq əlavə qazanc əldə etmək üçün əlverişli imkandır.
Biznes məhsul istifadəçilərini əyləndirməli, şirkət öz istifadəçisinə dəyər verməlidir
Şirkətlərin aktiv müştəri və istifadəçi əldə etmələrindən sonra vacib məsələlərdən biri onların əyləncəsi üçün hansı əlavə imkanların yaradılması, onlara dəyərin verilməsi istiqamətində fəaliyyətdir. Belə ki, bir sıra maraq kəsb edən xidmətlərin asanlaşdırılması və əlçatan edilməsi özü-özlüyündə müştərilərə verilən dəyərdir. Bu istiqamətdə də biz müqayisəli təhlil aparsaq və İPTV/OTT texnologiyasını misal gətirsək görərik ki, qlobal internet dövründə məhz dünya miqyasında İPTV/OTT-nin təbiqi istifadəçilərə bir çox əlavə imkanlar yaradır. Məsələn, bu texnologiya televizordan istifadə edən insanı birbaşa olaraq sosial şəbəkələrə, pulsuz video və audio zəng, internet şəbəkəsinə manesəsiz və pulsuz çıxış, müxtəlif əyləncə proqramlarının olduğu şəbəkəyə istiqamətləndirir.
Yəni istifadəçi bir xidmətdən, platformadan – yeni İPTV/OTT konsepsiyadan istifadə etməklə eyni zamanda TV, radio, qlobal internet, sosial media, müxtəlif oyunlar, zəngin musiqi və video bazaya çıxış, əyləncə imkanları qazanır. Bu özü-özlüyündə istifadəçiyə yönəlmiş loyallıq, ona dəyərin verilməsi, istifadəçinin həyatının asanlaşdırlması, onun əyləncəsinin təşkilidir. Sözsüz ki, bu cür imkanlar verən şirkətin istifadəçilərinin də sayı kütləvi olacaq. Kütləvi istifadəçilərin əldə edilməsi isə biznesin genişlənməsini şərtləndirəcək.
Biznesin kütləviləşməsi, qlobal internet şəbəkəsi ilə inkişafından danışan zaman o faktı da qeyd etmək yerinə düşər ki, “Google” və “Facebook” kimi iri texnologiya nəhəngləri artıq qlobal olaraq internetin dünya əhalisinin maksimal sayı üçün əlçatan edilməsi istiqamətində hətta gəlir gətirməyən belə layihələr icra edirlər. Məsələn, “Facebook” korporasiyasının “İnternet.org”, “Google” şirkətinin isə “Project Loon” kimi layihələri imkan verəcək ki, dünya internet şəbəkəsi ilə tamamilə əhatə olunsun. “İnternet.org” layihəsi 2015-ci ilin sonunadək dünyanın 100 ölkəsində əhalinin internetə pulsuz çıxış imkanlarının tətbiqini planlaşdırır. Burada məqsəd insanları “Facebook”, “Wikipedia”, iş axtarışı saytları və s. ilə tanış etməkdir. İstifadəçilərin əlavə marağı yaranan zaman isə onlar digər ödənişli xidmətlərə abunə ola bilərlər. Göründüyü kimi, şirkətlərin biznesdə yeni yanaşmalar istifadə etməsi gələcəkdə həmin biznesin genişlənməsini hədəfləyir.
Dövrümüzün yeni texnoloji yeniliyi olan İPTV/OTT layihəsindən danışan zaman qeyd etmək lazımdır ki, müasir dövrümüzdə rəqəmsal inqilabın baş verdiyi, startapların böyük biznesə çevrildiyi zamanda televiziyaların sosiallaşması, kütləvi şəkildə sosial yönümlü olması qaçılmaz bir prosesdir. Bu prosesdə İPTV/OTT texnologiyasının tətbiqi və yuxarıda qeyd etdiyimiz fikirlərin həyata keçirilməsi bu texnologiya ilə məğul olacaq şirkətlərin biznesinin irəli getməsini şərtləndirəcək. Ona görə də sosial yönümlü televiziya, bir platformada bir neçə imkanların pulsuz təqdimi, şirkətin lokal deyil, qlobal miqyasda inkişafı, məhsul deyil, istifadəçi yönümlü olmaq, kütləviliyin qazanılması yeni texnoloji şirkətlər üçün əsas prinsiplər olmalıdır. Qeyd edək ki, bu texnologiya və prinsiplərin ölkəmizdə də tətbiqi şirkətlərin inkişafında yeni imkanlara yol açmış olar.
Teqlər: