Tarixçilərin dünyaya müraciəti qəbul olundu - Gəncədə

Tarixçilərin dünyaya müraciəti qəbul olundu - Gəncədə
  15 Oktyabr 2015    Oxunub:1599
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə Gəncədə keçirilən dünya tarixçilərinin VIII Beynəlxalq konfransı öz işini başa çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən konfransda iki gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək, XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə edildi.

Konfransın yekun iclasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək konfransın əhəmiyyətindən danışdı. Diqqətə çatdırdı ki, məruzələrdə əsasən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və digər məsələlər ətrafında maraqlı fikirlər səsləndirildi.130-dan çox alimin iştirak etdiyi konfransda 90-dək məruzə dinlənildi.

Bağlanış mərasimində VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarının dünya ictimaiyyətinə Azərbaycan, rus, türk və ingilis dillərində müraciəti qəbul olundu.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Atatürk Mədəniyyət və Tarix İdarəsinin rəhbəri Derya Örz çıxış edərək VIII beynəlxalq Atatürk konfransının yüksək səviyyədə keçdiyini, məruzələrin çox zəngin olduğunu diqqətə çatdırdılar.Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışan natiqlər onu da vurğuladılar ki, bu mötəbər tədbirdə söylənən hər bir fikir tariximizi saxtalaşdıranlara tutarlı cavabdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin təşkilində əməyi olanlara, eləcə də konfrans iştirakçılarına şəhər ictimaiyyəti adından minnətdarlıq etdi.

Sonda konfransın təşkilatçılarına xatirə hədiyyələri və sertifikatlar təqdim olundu.


Teqlər:





Xəbər lenti