Azərbaycan jurnalistləri niyə homofobdurlar?

Azərbaycan jurnalistləri niyə homofobdurlar?
  24 İyul 2015    Oxunub:6309
Aysel Əliyeva

Homoseksuallıq həssas mövzudur. Məhrəm olan digər insani mövzular kimi. Elə ki, bu mövzuda on dəfə düşünüb, bir dəfə danışmaq gərəkir. Ya da ümumiyyətcə susmaq...


Homoseksuallığın nə olduğuna, necə yarandığına, tibbi, psixoloji tərəflərinə, sənətdəki yerinə, tarixin vərəqlərində ötürülmüş homo dahilərə filan toxunmayacam. Zatən, bu çox ağır və ciddi intellekt infrastrukturu tələb eləyən məsələdir. Hələ o qədər deyiləm.

Hamınızın gördüyü, ancaq qəbullanmaqda çətinlik çəkdiyi mövzunun başqa tərəfinə ayna tutmaq istəyirəm. İctimailəşdirmə olayına.

Burada “Homoseksuallığa Azərbaycan jurnalistinin baxış bucağından baxmaq” adlı yarım başlıq da ola bilərdi...

Azərbaycan jurnalistlərinin yarıdan çoxunun homoseksuallıq olayına baxışı eynidir. Ola bilər, sıxıntı deyil. Dərd, bu fikirlərini yüksək səslə söyləmələrindədir.

Jurnalist hansısa hadisəni ictimailəşdirərkən sadəcə şəxsi münasibətini sərgiləməklə kifayətlənmir, həmin hadisə haqqında cəmiyyətdə yarana biləcək mənfi-müsbət fikirlərin babalının bir qismini də boynuna götürmüş olur. Bunun üçündür ki, jurnalistikanın, xüsusən də yazı jurnalistikasının qızıl qaydaları var, əfəndim!

Yəni, toplumsal olaylarda dil, din, cinsiyyətə söykənən ayrı seçkiliyə yol verməmək gərəkir. Bunu edirlər amma.

Amerikada eyni cinslilərin nikahı qanuniləşdirilir, Azərbaycandakı jurnalistlər dünyaya gəlmiş keçmiş bütün homoseksualları yıxıb sürüyür. Azərbaycanda transseksualın biri cinayətə qurban gedir, özünə jurnalist deyən insanlar sosial medyada bu olayı məsxərəyə qoyub, “əccəb olub”, “hamısı qırılsın” demək cəsarətində bulunurlar.
Nə haqla, yahu?!
Dəstəkləyərsiniz və ya dəstəkləməzsiniz...
Sevərsiniz və ya nifrət edərsiniz...
Ciddiyə alarsınız və ya “marjinallıq çabası” adlandırarsınız...
Özünüz bilərsiniz!
Ancaq lütfən bu homofob düşüncələrinizi süsləyip-püsləyip, ortaya çıxartmayın.

İnanın, homoseksuallığı təhqir edərkən nə daha çox maskülen, nə də daha çox feminen olursunuz. Öz kişiliyinizi, qadınlığınızı homoseksualları aşağılamaq üzərindən təsdiqləməyin. Etməyin bunu.

Nifrət suçunuzu əsaslandırmaq üçün dini və mentaliteti əsas göstərməniz də bu nifrətin təməlsiz olduğuna sübutdur elə. Çünki nə din , nə mentalitet yaratmır insanı. Ortada bir yaradan var, xatırladaram. Və O, yaratdığını yaratdığı kimi sevə bilir...

Var olanı yoxmuş kimi görmək mümkün deyil. Onlar varlar.

Siz istəmirsiniz, siz onlardan diksinirsiniz, siz onlara nifrət edirsiniz deyə onlar buxarlana bilməzlər. Kimsədən belə bir şeyi tələb etməyə haqqımız yoxdur.
Kimsənin yediyinə, içdiyinə, sevdiyinə, sevişdiyinə müdaxilə hüququmuz yoxdur.
Mən armudu saplağından başlayıb, cecəyinə qədər yeyirəm deyə, armudu dilimləyərək yeyən birindən danlaq eşitmək məcburiyyətində deyiləm. Sən mənim yediyim armuda deyil, insanlığıma bax. Onu bacarıramsa, sıxıntı yoxdur demək.

Üstəlik, səmimiyyətsizsiniz, əfəndim!
Müdafiə elədiyiniz fikirdə qərəzlisiniz və ikili oynayırsınız.
Homoseksualları aşağılayır, təhqir dolu yazılar yazır, Azərbaycandan, mümkünsə yer kürəsindən təcrid olunmalarını tələb edirsiniz amma, evinizdə divanda ayağınızı uzadaraq Almodovar filmləri izləməklə dincəlirsiniz.
Elton John dinləyərsiniz, Zeki Mürənlə içki süfrələri qurarsınız.
Marsel Prust oxuyub, Rimbaud şeirləriylə aydınlanarsınız.
Bunları edərkən, onların da homoseksual olması sizi maraqlandırmaz.
Gizlində özünüz, aşikarda başqasısınız çünki...


Teqlər:





Xəbər lenti