"Naxçıvan Kuboku" turnirinin açılış mərasimi keçirilib

"Naxçıvan Kuboku" turnirinin açılış mərasimi keçirilib
  22 İyul 2015    Oxunub:3125
Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.
AzVision.az xəbər verir ki, turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin Baş katibi Əjdər Cəfərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir.

Bakıda keçirilən I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin "Sülh və Dostluq" prinsipləri fonunda idmanın dünyada sülhün elçisi olduğunuən uca zirvədən bütün bəşəriyyətə bir daha nümayiş etdirdiyini bildirən natiq idmançılarımızın bu möhtəşəm turnirdə yeni bir tarix yazdıqlarını bildirib. İsmayıl İsmayılov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və idmançılarımızın bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.

AGF-nin baş katibi cənab Əjdər Cəfərov Vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib. Güləşçilərimizin Avropa Oyunlarında qazandıqlarını nəticələri xatırladan natiq "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin iştirakçılarının da gələcəkdə komanda yoldaşlarının uğurlarını təkrarlayacaqlarından əmin olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müavini, Naxçıvan Güləş Federasiyasının prezidenti cənab Azər Zeynalov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan cənab Azər Zeynalov yarışı açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Xalq artisti Aygün Kazımova və müğənni Elçin Cəfərovun ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti