“Formula-1”ə hazırlıqlar başlayıb
Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaqdır. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.
Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.
Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.