Dörd samboçumuz finalda- Yenilənir

 Dörd samboçumuz finalda- Yenilənir
  22 İyun 2015    Oxunub:4919
Bu gün Bakı-2015 I Avropa Oyunlarında sambo yarışlarına start veriləcək.
AzVision.az-ın məlumatına görə, bu gün də başa çatacaq yarışda 8 dəst medalın sahibi müəyyənləşəcək. Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.

Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia qarşılaşacaq.

74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçukdur.

+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.

Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək.

60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.

68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.

***
90 kq-dək samboçuların yarışında çıxış edən Kənan Qasımov artıq görüşə çıxıb. O, 1/4 finalda Ukrayna təmsilçisi İvan Vasilçukla qarşılaşıb. Rəqibinə nisbətən daha üstün güləşən samboçumuz 2:1 hesabı ilə döyüşdən qalib ayrılıb və yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib.
***
Azərbaycanı 57 kq-dək kişi samboçuların yarışında təmsil edən İslam Qasımov 1/4 finalda Rumıniya idmançısı Orlando Qruia ilə üz-üzə gəlib. Samboçumuz 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb.
***
Qadın samboçularımızdan döşək üzərində mübarizəyə ilk olaraq 52 kq-dək idmançıların yarışında çıxış edən Nəzakət Xəlilova çıxıb. O, 1/4 finalda Rumıniya samboçusu Codrina İonesku ilə qarşılaşıb. Xanım samboçumuz 4:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
***
Fəridə Qurbanova 64 kq-dək samboçuların yarışıda yarımfinala vəsiqə uğrunda Moldova idmançısı Ekaterina Kretu ilə qarşılaşıb. Təmsilçimiz gərgin keçən döyüşdə məğlub olub.
***
Ən ağır çəkili samboçuların yarışına (+100 kq) çıxış edən Vasif Səfərbəyov 1/4 finalda makednoniyalı Bajro Maşovikj ilə qarşılaşıb. Samboçumuz 8:0 hesablı tam qələbə qazanaraq yarımfinala çıxıb.
***
60 kq-dək qadın samboçumuz Şahanə Hüseynova 1/4 finalda Rusiya idmançısı Yana Kostenko ilə üzləşib. Rusiya təmsilçisi qalib gəlib.
***
Azərbaycanı 68 kq-dək samboçuların yarışında təmsil edən Nərminə Əizadənin 1/4 finaldakı rəqibi Beorus samboçusu Volha Namazova olub. Samboçumuz vaxtından əvvəl məğlub olub.
***
Azərbaycanı 90 kq-dək samboçuların yarışında təmsil edən Kənan Qasımov yarımfinalda Rusiya idmançısı Alsim Çernoskulovla görüşüb. Samboçumuz məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.
***
74 kq-dək idmançıların yarışında çıxış edən Amil Qasımov 1/4 finalda Gürcüstan samboçusu Kaxa Mamilaşvili ilə qarşılaşıb. Samboçumuz vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
***
Azərbaycanı 57 kq-dək kişi samboçuların yarışında İslam Qasımov yarımfinalda Gürcüstan təmsilçisi Vaxtangi Çidraşvili ilə üzləşib. Gərgin mübarizədə İslam Qasımov 1:0 hesabı ilə qalib gələrək yarışların finalına çıxıb.
***
Qadın samboçularımızdan 52 kq-dək idmançıların yarışında çıxış edən Nəzakət Xəlilova yarımfinalda Litva samboçusu Ruta Aksionova ilə qarşılaşıb. Xanım samboçumuz 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
***
Ən ağır çəkili samboçumuz (+100 kq) Vasif Səfərbəyov yarımfinalda erməni əsilli Ukrayna samboçusu Razmik Tonoyanla üz-üzə gəlib. Rəqibinə qarşı ağrıdıcı fənd tətbiq edən Vasif Səfərbəyov vaxtından əvvəl tam üstünlüklə qalib gələrək finala çıxıb.
***

74 kq-dək kişi samboçuların yarışında çıxış edən Amil Qasımov yarımfinal döyüşündə Bolqarıstan samboçusu Martin İvanovla qarşılaşıb. Samboçumuz 4:3 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qızıl medalı uğrunda final görüşünə çıxmaq hüququ əldə edib.
***

60 kq-da qadın samboçumuz Şahanə Hüseynova bürünc medal uğrunda təsəlliverici görüşdə Gürcüstan idmançısı Şorena Şaradze ilə üzləşib. Şahanə Hüseynova görüşdə rəqibinə 4:2 hesabı ilə qalib gələrək bürünc medal uğrunda mübarizəsini davam etdirmək hüququ əldə edib.
Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti