Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıхıb. Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov 1/4 finala çıхıb. Qadın boksçularımız - Anaxanım Ağayeva və Leyla Cavadova isə uğursuz çıхış edərək mübarizəni dayandırıb.
Boks
Kişilər
56 kq
Yığmamızın üzvü Tayfur Əliyev bu çəkidə 1/8 finaldan mübarizəyə qoşulub. Onun rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) Nikolae Andreiana olub. Ötən il Avropa çempionatının gümüş medalını qazanan həmyerlimiz rumıniyalı boksçu ilə döyüşdə 3:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb. O, yarımfinala vəsiqə uğrunda döyüşdə danimarkalı Frederik Yensenlə döyüşəcək. Bazar ertəsi baş tutacaq döyüş saat 14.00-da başlayacaq.
81 kq
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov mübarizəni 1/8 finaldan davam etdirib. Əvvəlki mərhələdə Böyük Britaniya təmsilçisi Coşua Buatsini üstələyən həmyerlimiz bu dəfə polşalı Yordan Kulinskini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:0 hesabı ilə məğlub edib. Məmmədov 1/4 finalda Peter Millenberqi sınağa çəkəcək. Qarşılaşma iyunun 22-də saat 20.45-də olacaq.
+91 kq
Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da yarışa 1/8 finaldan qoşulub. Komandamızın kapitanı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edən Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkib. Təmsilçimiz həmişəki kimi bu dəfə asan qələbə qazanıb. O, rəqibini aşkar üstələyib - 3:0.
Qadınlar
51 kq
Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb və 0:3 hesabı ilə yenilib.
75 kq
Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşıb. Döyüş rusiyalı boksçunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fotolar: Nuron Məmmədov
AzVision.az