"Məqsədim qələbə qazanmaqdır" - Elmar Qasımov (VİDEO)
Çəki kateqoriyası üzrə dünya reytinqində ikinci sırada yer alan E.Qasımov Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qran-pri yarışları və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən “Böyük dəbilqə” yarışında gümüş medala layiq görülüb. 2014-cü ildə Rusiyanın Tümen şəhərində təşkil olunmuş “Böyük dəbilqə” yarışında qızıl, 2014-cü ildə keçirilmiş Avropa çempionatında isə gümüş medal qazanıb.
Bakı-2015 Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış videoçarxda cüdoçumuz bildirib: “Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır”.
E.Qasımov yarışlar zamanı diqqəti toplamağın uğur üçün əsas olduğunu bildirib: “Tatamiyə çıxarkən ancaq rəqibimi düşünürəm, başqa heç nə. Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram.”
O bildirib ki, artıq 16 ildir ki, cüdo ilə məşğuldur və doğma divarlar arasında ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizədə çox həyəcanlıdır: “Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir. Qələbə mənim həvəsimdir”.
Qeyd edək ki, cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Boks yarışlarında 18 medal komplekti uğrunda 416 kişi və qadın idmançı mübarizə aparacaq.
Xatırladaq ki, Bakı-2015 Oyunları tarixdə ilk Avropa Oyunları olaraq, 12-28 iyun 2015-ci il tarixlərində baş tutacaq, çoxsaylı idman növünü əhatə edən, qitə üçün həyəcanlandırıcı və yenilikçi olan bir tədbirdir. Oyunlarda cəmi 20 idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 16-sı Olimpiya və 4-ü isə qeyri-olimpiya idman növüdür. İdman növlərinin 12-si Rio-2016 Olimpiya Oyunlarında iştirak hüququnu qazanmaq imkanı yaradacaq. Yarışların keçiriləcəyi 17 gün ərzində Avropanın 50 ölkəsindən 6000 nəfərdən çox idmançı mübarizə aparacaq.
Teqlər: