“Uğurlarımızı İlham Əliyevə borcluyuq” - Sərəncama rəy
Dövlət başçısının ötən gün imzaladığı sərəncam onun idmana və idmançıların əməyinə verdiyi yüksək qiymətin nəticəsidir.
Ölkə başçısının imzaladığı sərəncama görə, Avropa Oyunlarında yüksək nəticə əldə edən idmançılar pul mükafatı ilə təltif ediləcək.
Yarışlarda birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat pul veriləcək.
Sözügedən sərəncamda komanda oyunlarında gücünü sınayan idmançılarımız da müvafiq məbləğdə pul mükafatı alacaq.
Azərbaycan prezidenti İlham Əliyevin bu sərəncamı idmançılar tərəfindən rəğbətlə qarşılanıb.
Ölkə başçısının ötən gün imzaladığı sərəncama münasibət bildirən Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev AzVision.az-a açıqlamasında deyib ki, ötən dövr ərzində Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub.
O, qeyd edib ki, dövlət başçısı İlham Əliyevin idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması vacib məqam kimi vurğulanmalıdır: “Ölkə başçısı bu gün idmana böyük qayğı göstərir və nəticəsi də var. Son Olimpiya Oyunlarında da idmançılarımız çox gözəl iştirak edib. O zaman idmançılarımız böyük mükafat almışdı. Bu hər bir idmançı üçün böyük bir dayaqdır. Dövlət tərəfindən olan qayğı yenə də öz sözünü deyir. İdmançılar da anlamalıdır ki, vətənində keçirilən yarışlarda yaxşı nəticə göstərsin və öz xalqını sevindirsin. Təbii ki, verilən mükafat da layiqli mükafatdır. Bütün idmançıların adından ölkə başçısına, MOK prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu gün qazandığımız hər bir uğura görə, İlham Əliyevə borcluyuq”.
“Bu sərəncamı çox yüksək qiymətləndirirəm”-deyən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev bildirib ki, cənab prezident hər zaman Avropa, Dünya və Olimpiya çempionatlarında qələbə qazanan idmançıları mükafatlandırıb.
“Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında bu mükafatlandırma idmana kütləviliyin artırılması, stimulverici, idmançıların sosial vəziyyətinin və həyat şəraitinin yaxşılaşdırılması baxımından çox yaxşıdır. Təbii ki, bu idman yarışı da böyük bir hadisə olduğu üçün bu sərəncamın olmasını yüksək qiymətləndirirəm və təqdirə layiqdir. Bütün idmançılarımıza uğurlar və qələbə sevinci arzulayıram”.
O, qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.
Anar Kəlbiyev