Lüks otaqlar, 10 min ton ət və məşhur icra başçısı… Atletlər Kəndindən reportaj

Lüks otaqlar, 10 min ton ət və məşhur icra başçısı…  Atletlər Kəndindən reportaj
  04 İyun 2015    Oxunub:43504
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bu gün jurnalistlər üçün Atletlər kəndinə media turu təşkil edilib.

AzVision.az-ın məlumatına görə, 30-a yaxın jurnalistin iştirak etdiyi turda media mənsubları idmançıların oyunlar zamanı qalacağı mənzillərdə, yeməkxanada, idman və oyun zalında yaradılan şəraitlə tanış olublar.

“Welcome Center” mütəxəssisi Nərmin Əlisoy Atletlər kəndi ilə bağlı jurnalistləri məlumatlandırıb.

Atletlər kəndinə olan səyahətimiz Meydandan başladı. Qısa müddətlik gəzintidən sonra biz idmançıların qalacağı mənzillərlə tanış olduq.




Ümumilikdə qeyd edək ki, Atletlər kəndində 13 yaşayış binası, 1 inzibati bina və 1042 mənzil var. Ümumi ərazi 7878 atleti və komanda üzvlərini qarşılamaq iqtidarındadır. Mənzillər minimum 3, maksimum 5 otaqdan ibarətdir. Hər otaqda iki atlet qalacaq. Atletlər binaların üçüncü mərtəbəsindən yuxarıda yerləşən mənzillərdə yerləşəcəklər.




Binaların birinci və ikinci mərtəbələrinə ya əyləncə mərkəzləri, ya da hər bir iştirakçı ölkənin milli olimpiya komitələri yerləşəcək.

Mənzillərlə tanış olduqdan sonra Milli Olimpiya Komitəsinin bayraq meydanı ilə tanış olduq. Bu meydanda “Baku-2015” Avropa Oyunlarında iştirak edəcək ölkələrin bayraqları asılıb.



Jurnalistlərlə birgə daha sonra idmançılar və media mənsubları üçün nəzərdə tutulan yeməkxanaya baş çəkdik, oradakı şəraitlə tanış olduq. Yeməkxanada eyni vaxtda 2079 atlet səhər, nahar, şam yeməyi yeyə bilərlər. Atletlər yeməkxanasında idmançılara müxtəlif növ təamlar təqdim olunacaq. Atletlər kəndində bəzi məhsulların konkret rəqəmləri göstərilib. Oyunlar ərzində 1,5 milyon litr sudan istifadə olunması nəzərdə tutulub.

Yarış ərəfəsində 10 min ton dəniz və ət məhsullarının istifadə olunacağı gözlənilir.

Daha sonra getdiyimiz məntəqə atletlər üçün nəzərdə tutulan əyləncə mərkəzi oldu. Atletlər kəndində həm əyləncə, həm də super əyləncə mərkəzləri var. Fərq ondan ibarətdir ki, super əyləncə mərkəzində idmançıların vaxtlarını səmərəli keçirmək üçün xüsusi oyun zalları, avadanlıqları quraşdırılıb. Burada həmçinin, kafe də fəaliyyət göstərəcək.



Əyləncə mərkəzlərində isə, wifi, televizorlar və kompüterlərdən istifadə nəzərdə tutulub.



Tur çərçivəsində yollandığımız məntəqə 7 gün 24 saat fəaliyyət göstərəcək poliklinika oldu. Poliklinika idmançılar və ərazidə işləyənlər üçün nəzərdə tutulub. Burada işləyən həkimlərin hamısı həmyerlilərimizdir. Onlar poliklinikada könüllü əsasda idmançılara tibbi yardım edəcək.



Media tur zamanı inzibati binada yerləşən fitnes mərkəzi – idman zalında da olduq. Bura idmançıların məşqi üçün nəzərdə tutulub. Mərkəzdə ən son idman avadanlıqları quraşdırılıb. Fitnes mərkəzindən idmançılar sərbəst şəkildə istifadə edə bilərlər.



Sonrakı dayanacağımız “Best of Azerbaijan” (Azərbaycanın ən yaxşısı) restoranıdır. Bu restoran 7:00 – 23:00 aralığında fəaliyyət göstərəcək. Məkan ödənişlidir. Üstünlüyü ondan ibarətdir ki, restoranda yalnız Azərbaycan mətbəxinin milli nümunələrini dada bilərlər.

Sonuncu getdiyimiz yer Atletlər Meydanıdır (Village Square). Bura kommersiya mərkəzidir. Burada xanımlar və bəylər üçün salon, xüsusi market, informasiya və biletlərin satışı, həmçinin müxtəlif şəhərlərə turlarla bağlı turizm mərkəzləri fəaliyyət göstərəcək.


Burada həmçinin Atletlər kəndinin icra başçısının ofisi olacaq. İcra başçısı iyunun 11-i atletlərin qarşılanma mərasimində idmançıları qarşılayacaq, onlara xoş gəldin deyəcək. İcra başçısı artıq seçilib, azərbaycanlıdır. O, kifayət qədər tanınan adamdır. Amma adı hələlik açıqlanmır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti