Macar idmançıları Bakıya gəlir - Fotolar

Macar idmançıları Bakıya gəlir - Fotolar
  03 İyun 2015    Oxunub:2474
Azərbaycanın Macarıstandakı Səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə Budapeştdə Bakı - 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, bu mühüm qitə idman oyunlarında Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq.

Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.

Mərasimi giriş sözü ilə açan Macarıstan MOK-nin baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib.

O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını bildirib və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq on gündən sonra Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütü zəruri işləri vaxtında və keyfiyyətlə gördüyünü qeyd edib.

V.Quliyev sülhə, tərəqqiyə və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edən bu mühüm idman bayramında avropalıların Azərbaycanı özləri üçün kəşf edəcəklərinə və sevəcəklərinə inamını ifadə edib.

Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-un icraçı direktoru Laslo Fabian isə çıxışlarında macar idmançılarının qarşısında duran vəzifələrdən danışıblar.

Macarıstan MOK-un qərarı ilə Bakı - 2015 Birinci Avropa Oyunlarına hazırlıq prosesində ölkənin ali beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığa görə, səfir V.Quliyev Macarıstan komandasının fəxri üzvü elan olunub və ona milli komandanın idman forması hədiyyə edilib.

Yola salma mərasimi konsert proqramı və furşetlə davam etdirilib. Macar idmançılarının ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.

Qalereya




Teqlər:





Xəbər lenti