Güləşçilərimiz “Bakı-2015”-ə ciddi hazırlaşır
O deyib: “Bütün komanda heyəti - həm güləşçilər, həm də məşqçilər and içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacağıq və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəslərinə qədər mübarizə aparacaq. Mən çox federasiyalarda işləmişəm. Dünyada Azərbaycan Güləş Federasiyası kimi işini tam görən federasiyalar azdır.
Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda birinci Avropa Oyunlarında uğurlu çıxış etmək tapşırığı durur. Bu tədbirin Azərbaycan üçün nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu bilirik. Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümüd edirəm. Bu, rekordsuz idman növüdür və buna görə də neçə medal qazanacağımızı demək olmur. Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilərimiz var.
I Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, Macarıstandır. Bu ölkələrin çox yaxşı kamandaları var. Ümid edirəm ki, Azərbaycan komandası hamısından yaxşı olar. Komanda daxilində idmançılarımızın özü arasında da rəqabət çox yüksəkdir. Düzdür, əksər çəkilərdə Avropa Oyunlarında kimin iştirak edəcəyini məşqçilər korpusu bilir. Amma yekun qərar hələ verilməyib. İstənilən halda, əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq."
Xatırladaq ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar iyunun 13-18-də keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.