Xoşbəxtliyin 11 qızıl qaydası

Xoşbəxtliyin 11 qızıl qaydası
  27 May 2015    Oxunub:6996
Nərmin Kərim

Səbr et, şükr et, seyr et… Nədənsə yazıya sevdiyim bu sözlərlə başlamaq istədim. Maraqlıdır… Əgər söhbət şükr və səbirdən gedirsə, insanda sözlə ifadə edə bilmədiyim rahatlıq hissi yaranır.


Hər nə olursa-olsun, nə yaşayırsansa-yaşa əgər şükr etməyi bacarıb, səbirlə gözləyirsənsə, onda gerisinə qarışma… Sadəcə seyr et… Həyatında hər şeyin necə müsbətə doğru dəyişdiyini izlə…

Qəribədir, dünənə qədər xoşbəxt olmağın yollarını axtaran mən, bu gün xoşbəxtlikdən yazıram. Bəlkə həyat təcrübəm çox deyil, amma qısa müddətdə öyrəndiklərimi sizinlə də paylaşacam.

Öyrəndim ki:

1.
Həyat qorxulu yuxu kimidir. Oyanınca keçir və hər şey arxada qalır. Odur ki, bu qorxulu yuxunu yaxşıya yoz.

2. Sevilirsənsə, səndən güclüsü yoxdur. Çünki səni olduğun kimi qəbul edib, yanında olan biri var. Cəsur ol, önə doğru addımla. Bütün işlərində onun sənə dəstək olacağını unutma.

3. Sevirsənsə, səndən xoşbəxti yoxdur. Başına elə gözəl hislər gəlib ki, bu hər kəsə nəsib olmur. Yaşadığın bu xoş anların dəyərini bil, sev.

4. Özünü xoşbəxt hiss edə biləcəyin bir iş yerində çalış. Əgər iş vaxtı bütün gün saata baxıb dəqiqələri sayırsansa, belə keçməz bir ömür. Hər saniyənin qədrini bil.

5. İşlə özəl həyatını bir-birinə qarışdırma. 5 dəqiqə də olsa, özünə zaman ayır, özünü kəşf et.

6. Bəzən uşaqlığına qayıt. Uşaqlaşmaqdan çəkinmə. Kiçik yaşlardan nələrdən xoşlandığını yadına sal və o hərəkətləri təkrarla.

7. Sadəcə özün kimi ol.

8. Səndə xoş xatirələr oyadan yerlərdə gəz.

9. Xoşagəlməz anları yadına salan hər şeyi unut. Bu, Allahın bizə bəxş etdiyi ən gözəl xüsusiyyətlərimizdən biridir. “Nə xoş bizə, nə xoş insan övladına ki, unutmaq kimi bir bacarığı var”.

10. Səyahət et. İmkanın daxilində yeni yerlərə get, yeni insanlarla tanış ol, müxtəlif mövzularda yeni faktlar öyrən, dünyagörüşünü artır.

11. Daim inkişafın, gələcəyin barədə düşün. Arzulamaqdan qorxma... Ümid etməkdən yorulma.


Teqlər:





Xəbər lenti