Məşəl Mingəçevirdə
“Kür” Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul etdi. Sonra yürüşə start verildi. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəldilər.
Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirildi, atəşfəşanlıq oldu.
Teqlər: