Milli passionarlığın astarı

Milli passionarlığın astarı
  30 Aprel 2015    Oxunub:13211
Aqşin Yenisey

Deyilənə görə, itaət və pərəstiş üçün yaradılmış pitekantrop növünün Tanrı və şəxsiyyət üzünə həsrət qaldığı yeni zəmanəmizdə şöhrəti əsrlərin basaratını bağlayacaq qədər zırıltı xarakterlər yaratmağı qarşısına məqsəd qoymuş rus yazıçısı Dostoyevskinin əsərlərini yenidən oxuyub bu romanların başdan-başa cinayətkar təbiətli rus insanının dini fobiyalarından ibarət olduğunu və bədbin pafosla bədiiləşdirilmiş bu pozğun mövhumatdan dini moizələri çıxardıqdan sonra yerdə, sadəcə, kriminal xronikadan başqa bir şeyin qalmadığını görəndə necə düşünməyəsən ki, insanın təkamülü yalnız çöldən-çölə baş verib, incəsənət yalnız formal intibaha səbəb olub.


İnsanın iç aləminin rudimentar liliputluqda qalması onun yeni növ kimi deyil, sadəcə, “unudulmuş köhnəlik” kimi meydana çıxmasının dolayı yolla təsdiqidir. Nə ibtidai dini təlimlər, nə Hammurapidən Romaya, ordan “Avropa hüquq məkanına” uzanan qranitləşmiş qanun layları onun hozu “allahverənliyinin” qəddini düzəldə bilməmişdir. İnsanın “olmazlar” üzərində yırğalanan mədəni intibahının kökü kannibalizmdən, qanunpərəstliyinin əsas səbəbi isə ilk dəfə neandertalda baş qaldıran qisas hissinin təmin olunması ideyasından güc almışdır və heç bir cəmiyyət özü-özünə zəmanət verə bilməz ki, mədəni inkişafdan kannibalizmə, qanunpərəstlikdən şəxsi qisasalmaya qayıdış anı artıq mümkün deyildir.

Qisas özü-özülüyündə qeydiyyatdan keçməmiş cəzalandırma hüqüqudur və o, yalnız səs çoxluğu topladıqda qanuni qüvvəyə minir. Həyatın mürəkkəbləşməsi cəmiyyətin mənəvi göstərgilərinin aşağı düşməsində, ilk növbədə, qadağaların dağıdılmasında, cinayətkarlıq fantaziyalarının və qəddarlıq romantikasının çiçəklənməsində özünü göstərir ki, bu da törəmə qanunlarına əsasən cəzalandırmanın kəmiyyət və keyfiyyətcə artmasına gətirib çıxarır. Xalqlar, sanki, vəhşi növün özünüqoruma instinkti ilə bu qlobal mürəkkəbləşmədən yaxa qurtarmağın yolunu özlərinin lokal, ilkin sadəliklərinə qayıtmaqda görürlər, məsələn, prezidentlər gülümsəyə-gülümsəyə ölkələrin insan büdcəsinin “vergi ödəyiciləri” olan anaların doğuş VÖEN-ləri ilə maraqlanırlar və bu zaman ümumi sivil qanunlara güc gəlməkdən ötrü adətlər süni yolla daha da qabalaşdırılır.

Xalq özünün aşınma təhlükəsi ilə üz-üzə qalmış milli xarakterini qorumaq, bərpa etmək şansı qazanır. Bundan ötrü tarixdəki, cəmiyyətdəki boşluqların yerini doldurmaq üçün ən ucuz material olan insana ehtiyac yaranır. Elə xalqlar da var ki, onlar, ümumiyyətlə, adətdən qanuna, səsdən yazıya keçməyi milli qürurlarına yaraşdırmırlar. Adətin alqışladığı ölümü, qanunun qorumaq istədiyi həyatdan uca tuturlar. Belə xalqların şüuraltısındakı azadlıq istəyini tarixi-mədəni ehtiraslar deyil, total-kriminal eqolar formalaşdırır. Nə çar, nə də sovet Rusiyası özlərinin mürəkkəb, amansız məhkəmə sistemi vasitəsilə Şimalı Qafqaz xalqlarının xarakterindən qətl hadisələrini şəxsi məsələ prinsipinin sadə qəddarlığından uzaqlaşdıra bilmədi. Bu xalqlar üçün sadə cəzalandırmanın “qana qan” prinsipi istənilən Roma hüquqündan daha üstün və effektli idi.

Özümün də bir üzvü olduğum Azərbaycan xalqının qısa bir imperiyasız müddətdə kəldən ayrılmış xış kimi bu qədər milli-mənəvi korroziyaya uğramasını heç də kitabdan, mədəni-dünyəvi dəyərlərdən uzaqlaşmada görmürəm, çünki etnik davranışlarımızdan aydın görünür ki, biz bir xalq olaraq indi uzaqlaşdığımız deyilən zadın heç vaxt həndəvərində olmamışıq. Bakının tarixi bir şəhər kimi doqquzuncu əsrdən o yana keçir, amma bu gün də şəhərin mərkəzində N.Nərimanov rayonunda su müharibə vəziyyətində olduğu kimi fasilələrlə verilir, yəni on iki əsr ərzində özünə düz-əməlli su çəkə bilməyən şəhər belə yerdə mübahisəyə girişməməlidir.

Kitabla azərbaycanlı arasında o qədər ənənəvi şifahi təsisatlar mövcuddur ki, onlar qovuşanda belə, Əsli və Kərəmin gününə düşürlər. Bu, bizim tarixən hindlilərin əsarət, yəhudilərin didərginlik dövrlərində olduğu kimi, içində qaynamağımıza baxmayaraq, heç bir ideologiya mətbəxində bişməməyimizin, alaçiy qalmağımızın hesabına olub. İndi bütün dünyada meymun alverçisi kimi tanınan hindlilərin qədim mədəniyyətlər arasında özünəməxsus yer tutmasının əsas səbəbi bu xalqın iki min il ərzində müxtəlif mədəni sivilizasiyaların əsarətində yaşaması olmuşdur. Himalaydakı vişveşvaraları və Qanqda üzən hindli cəsədlərini çıxmaq şərtilə bu “ruhlar diyarında” hər hansı mədəni abidəyə barmaq uzatsanız, bununla uzun bir əsarət dövrünün izini göstərmiş olacaqsınız.

Əsarətlərin növbələşməsi yarımadanın mədəni rəngarəngliyinə səbəb olsa da, hind xalqı alnının ortasındakı qara xala and içərək özünün vəhşi kasta ruhaniliyinə heç vaxt dönük çıxmamışdır. İnsanın mənəvi “olmazlarının” kökündə kannibalizm, qisas hissi durduğu kimi, hindlinin də, məsələn, Kamasutra kimi seksual-estetik təliminin bünövrəsində qadınların milli hərəmxana əsirliyi dayanırdı. Elə buna görə də Kamasutrada raca qarşısında altı min seksual itaət pozasında təsvir olunan hind qadını bu gün də kişilər tərəfindən üzünə atılan sulfat turşusunun əndişəsində.

Qədim hind mədəniyyətinin qədim Roma və qədim Yunan mədəniyyətlərindən fərqli olaraq, hələ də canlı qalmasının da sirri budur ki, çinlilər və farslar, eləcə də yəhudilər kimi hindlilər də ibtidai icma məişətinin həmrəyliyinə sığınaraq, sivilizasiyanın müəyyən bir pilləsində donub qaldılar. Yəqin ki, diqqətli oxucu bu son cümlədə “azərbaycanlılar” kəlməsinin də yerinin göründüyünü hiss etdi. Bəli, bizim xalq da diriliyini özünün ibtidai-icma məişətinin həmrəyliyinə olan sədaqətinə borcludur.

Ara-sıra baş qaldıran üsyanlarımız, qaçaqçılığımız olsa da, bizi bütün əsarətlərdən milli məişət donuqluğumuz xilas edib. Eynən Hindistanda olduğu kimi bizim də mədəni dəyərlərin çoxu əsarət dövrlərinin ecazkar tör-töküntüləridir. Necə ki, bu gün dünyanın ikinci möcüzəvi yeddilikləri arasında yer alan hind abidəsi Tac Mahal braqamzalara kökü teymurilərdən gələn babur hökmdarı Cahan şahdan qalan mədəni mirasdır. Bütün bu mədəni qabarmaların, çəkilmələrin baş verdiyi iki min il ərzində hindlilərin bir dərdi var idi; nə yolla olur-olsun dədə-babalarının mənəvi mirası olan kasta sistemini qoruyub saxlamaq və XXI əsrdə o xalqın ki, içində şudralıq deyə bir insanlıq halı mövcuddur, sökəsiniz o xalqın ən qədim məbədini, adət-ənənələrini, Zita və Gitasını!

Yaşadığı sivilizasiyanın mədəni intibahı ilə ayaqlaşa bilməyən bütün xalqlar, ya özlərinin donuq ilkinliyində qalmağa, ya da ondan uzaqlaşmamağa məhkumdurlar.
Mürəkkəbləşən həyat qaydalarının ağırlığına dözə bilməyən xalqların yenidən öz sadə icma həmrəyliyinin mənəvi geriliyinə dönüşü, ilk növbədə, şüuraltıda baş qaldıran məişət cinayətkarlığında, vəhşi həzzlərin şiddətlənməsində, emosional reflekslərin sərtliyində üzə çıxır. Məsələn, Ərdoğanın türk-islam fatehliyinin nostaljisi üzərindəki on beş illik hakimiyyəti siyasətin qələbəsi yox, sivilizasiyanın bu günki inkişafı ilə ayaqlaşa bilməyən türk xalqının öz keçmiş uğurlarından həzz almaq üçün “ötən günə gün çatarmı” melanxoliyasına yoluxmasının nəticəsidir. Yaxud rusların Putindən Pyotr düzəltmək arzusu, öz intibahını Orta Əsrlərdə yaşamış ərəb dünyasıda yenidən ac ərə arvadını yeməyə Allahın adıyla icazə verilməsi...və s.
Ənənəyə qaçış qanunun məsuliyyətindən azadolma aktı olmaqla yanaşı, həm də dinc əsarət dövründə mürgü döyən xalq passionarlığının qəfil oyanışıdır. Azadlıqda ənənənin fitə basdığı qeyrətsizlik damğasını daşımaq istəməyən azərbaycanlı ərin həbsxanadan çıxan kimi boşandığı arvadını öldürüb yenidən içəri, ənənənin dəstəkədiyi qeyrətli dustaq bivecliyinə qayıtmasının, nə fərdi vicdan rahatlığı, nə də Engelsin dediyi “ailənin qadın köləliyinin təkamülü” olması fikri ilə heç bir əlaqəsi yoxdur. Xalqın milli passionarlığının uzun müddət hansısa gəlmə mədəni qanunlarla idarəolunan hala salınması gec-tez aktiv müqavimətlə - etnogenetik partlayışla nəticələnir, ya da çox zaman gəlmə qanunlara boyun əymək istəməyən xalqın passiv müqavimətinə - mənəvi, ictimai düşkünlüyünə, tənbəl qul keyliyinə səbəb olur.

Xristian imperiyası əsarətindən çıxan müsəlman azərbaycanlılarda icma, məişət cinayətkarlığının passionarlaşması ayrı-ayrı individuumların əxlaqi pozğunluğu deyil, bu hal əsarət dövründə xalqın yad dəyərlərə itaət etməməsi üçün özü özünü yuvarlatdığı mənəvi düşüklüyün, əxlaqi etinasızlığın ümumxalq ruhunda təzahürüdür. Bu cinayətkarlıq xalqın öz şüuraltısını qorumaq üçün imperiyanın ayağının altına könüllü olaraq qırıb qaçdığı quyruğunun - milli şüurunun azadlıq dövründə regenerasiyasıdır.

Passionarlığın artması da azalması kimi mütləq fəlakətlə nəticələnir və bu fəlakət də, az qala, ümumxalq işinə çevirilir. 1803-1878-ci illərdə öz imperaitiv şaqqanaq dövrünü yaşayan ingilis xalqı ümumi yekdilliklə əl-ələ verib bütün tasmaniyalıları son nəfərinəcən qırıb qurtardı. Bu qırğınlarda təkcə əsgər və zabitlər deyil, ingilis xalqının bütün zümrələrdən olan adamlar can-dildən iştirak edirdilər.

Yaxud keçən əsrin ortalarında kapitalizmin yaratdığı mənəvi düşüklük, kütləvi etinasızlıq nəticəsində Qərb ölkələrində vətəndaş nikahlarından doğulan sosyetik siam əkizləri - narkomaniya və bank soyğunçuluğu, sanki, gənclərin əyləncəli həyat tərzinə çevirilmişdi. Passionarlığın cəmiyyətin individuumlara tələbatı dövrü kimi səciyyələnən bu dövr özünün narkoman, soyğunçu avtoritetlərini yaratmışdı ki, onların ölüm xəbərləri, məhkəmə prosesləri, az qala, el şənlikləri kimi qeyd olunurdu.

Azərbaycanda ailə-məişət cinayətkarlığının tüğyanına da, sadəcə, ayrı-ayrı ər-arvad münaqişələri, qisas və tamahkarlıq yanğısı kimi baxmaq, bir balaca darqursaqlıq olardı. Cinayətkarlığın bu növünün birdən-birə alovlanması xalqımızın əsarət dövründə getdiyi “the big sleep”dən özünəməxsus gərnəşməylə oyanışıdır. Passionarlıq müxtəlif xalqlarda müxtəlif formalarda baş qaldırır, məsələn, ərəblərdə teosentrik poeziya inkişaf edir, türklərdə fatehlik ehtirası çılğınlaşır, ruslarda müdafiə dözümlülüyü güclənir və s.

Passionarlığın enişi də müxtəlif xalqlarda müxtəlif eybəcərliklərlə müşahidə olunur. Məsələn, ərəblər “Allahu əkbər” çağırışını gündəlik edam himninə çevirirlər, türklərin fatehlik ehtirası söndükcə İstanbulun küçə davaları çoxalır. Müdafiə əzmi zəifləyən ruslar Dostoyevskinin miskin cinayətkarlarına dönürlər. Neynəyək ki, bizə bir əsrdə iki dəfə azadlıq bəxş etmiş milli passionarlığımızın da astarı həmişə əsarət dövrünün mənəvi düşkünlüyü, məişət cinayətkarlığı, əmək etinasızlığı şəklində üzə çıxır.


Teqlər:  





Xəbər lenti