Beş boksçumuz finalda

Beş boksçumuz finalda
  29 Aprel 2015    Oxunub:1663
Şağan Olimpiya İdman Kompleksində keçirilən Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə finalçılar məlum olub.
AzVision.az xəbər verir ki, Azərbaycan milli komandasının 5 üzvü həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb.

52 kq çəki dərəcəsində mübarizə aparan Niyaməddin Allahverdiyev özbəkistanlı Cahongir Rahmonovu məğlub edərək, finala vəsiqə qazanıb - 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə Özbəkistanın digər nümayəndəsi Muradjon Əliyevlə qarşılaşacaq.

Elton Məmmədov da (57 kq) finala yüksəlib. Həmyerlimizin yarımfinaldakı rəqibi Arseni Smirnov (Rusiya) rinqə çıxmayıb. E. Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayla döyüşəcək.

60 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov da finalda mübarizə aparmaq hüququ qazanıb. Milli komandamızın üzvü yarımfinalda qazaxıstanlı Abilay İbrahimovdan üstün olub - 2:1. Boksçumuz finalda Tuğrulxan Erdemirlə (Türkiyə) üz-üzə gələcək.

Şaiq Məlikov (70 kq) yarımfinalda gürcüstanlı İlya Mtsariaşvili üzərində qələbə qazanıb - 3:0. O, finalda Qazaxıstan idmançısı Daulet Zauşevlə qarşılaşacaq.

80 kq çəki dərəcəsindəki təmsilçimiz Məhəmməd Abdullayev də adını finala yazdırıb. Boksçumuz Türkiyə nümayəndəsi Səlahəddin Kocaoğlunu məğlub edib - 3:0. Onun finaldakı rəqibi qazaxıstanlı Ardak Alimxan olacaq.

Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) yarımfinalda məğlub olaraq, 3-cü yerlə kifayətləniblər.


Teqlər:  





Xəbər lenti