Məkkədə “seks şop” açılmasına Azərbaycandan etiraz

Məkkədə “seks şop” açılmasına Azərbaycandan etiraz
  23 Aprel 2015    Oxunub:9116
Müsəlmanlar üçün müqəddəs sayılan Məkkədə ilk halal “seks şop” mağazasının açılacağı haqda xəbər dindarları ayağa qaldırıb.
Mağazaların açılması üçün Səudiyyə Ərəbistanı ruhanilərinin razılıq verməsi etirazları daha da artırıb. Belə ki, “Al Asira” adlanacaq “seks-şop”da İslam dinin icazə verdiyi məhsulları-rezin qoruyucuları, 18 adda müxtəlif cinsi oyuncaqlar satışa çıxarılacaq. Əbdüləziz Aurax “seks-şop”ların kişi və qadınlar arasında seksual münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini deyib.

Lakin dindarlar və dini liderlər müqəddəs yerdə “seks şop” açılmasının dinə zidd olduğunu bildirirlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin AzVision.az-a bildirib ki, Məkkədə belə mağazasının açılması İslamın hədəfə alınmasına və dinin məsxərə obyektinə çevrilməsinə səbəb olacaq.

Dindarın fikrincə, dində intim həyatın ictimailəşdirilməsi yol verilməzdir. Odur ki, belə dükanlar müqəddəs yerlərin şəninə uyğun deyil: “Bu yerlər Allah yanında xüsusi dəyəri olan yerlərdir. Orada belə əyləncələrin yaradılması düzgün olmaz. Hər halda belə dükanların açılması Məkkə və Mədinənin hörmətinə ziddir. Düzdür, intim münasibətlər insan həyatının bir hissəsidir. Lakin bu gizli qalmalıdır. İntim münasibətlərin belə açıq şəkildə qabardılması dini nəzərdən düzgün hesab olunmur. Bu həyat xüsusiyyətinin ictimailəşdirilməməsi heç də bəzilərinin başa düşdüyü kimi gerilik, natamamlıq kompleksi deyil. Əksinə insanın həyatının məxfi bir hissəsi olmalıdır ki, o da yalnız ona aiddir. İntim həyatın ictimailəşdirilməsi, qabardılması qətiyyən yolverilməzdir və din də intim həyatın açıq şəkildə ictimailəşdirilməsinin əleyhinədir”.

Xatırladaq ki, Müsəlman ölkələri üçün ilk “seks-şop”u türkiyəli biznesmen Haluk Murat Demir açıb. 2013-cü ilin oktyabrından fəaliyyətdə olan “Helal sex shop” din qaydalarına zidd olmayan seksual oyuncaqların satışı ilə məşğul olur.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti