Milli parkurun `Mikrob`u – VİDEO, FOTOLAR

Milli parkurun `Mikrob`u – VİDEO, FOTOLAR
  20 Aprel 2015    Oxunub:13625
Parkur dünyada çox populyardır. Xüsusilə də `13-cü rayon`, `Kazino royal`, `Yamakasi` kimi filmlərdən sonra parkura həvəs göstərənlərin sayı xeyli artmışdı. Çünki Parkur – təkcə idman deyil, həm də fəlsəfədir: daş cəngəllik olan müasir meqapolislərdə hərəkət azadlığı fəlsəfəsi.

Parkurun vətəni Fransa sayılsa da, əslində parkur ibtidai cəmiyyət dövründən var. Çünki qaçmaq, tullanmaq, dağlara dırmanmaq qədim insanlar üçün adi gündəlik məşğuliyyət idi.

Bəs Bakıda parkura maraq nə yerdədir? Bununla bağlı AzVision.az-ın əməkdaşları Azərbaycan Parkur İdman Klubunun baş məşqçisi, `Mikrob` ləqəbli Hafiz Qardaşbəyli ilə söhbətləşiblər.



- Parkuru mənə qohumlarım öyrədiblər,- deyir Hafiz,- Onlar Rusiyada məşq edirdilər, bura gələndən sonra isə mənə də öyrətdilər. Ətrafıma 8-10 nəfərdən ibarət dostlar yığdım. Gördük ki, bizdə alınır. Özümüz öyrəndikcə, digərlərinə də öyrətməyə başladıq. 9 ildir belə də davam edirik.

Hafiz deyir ki, bədəninin hər yeri sınıqdır, əzikləri çoxdur: “Mən yıxıla-yıxıla öyrənmişəm. Məsələn, bir hərəkəti edirdim, alınmırdı, yıxılırdım, bilirdim ki, deməli, belə olmaz, 3 aydan sonra alınırdı. Amma indi elə deyil, hərəkəti qaydası ilə öyrədirik. Bir neçə günə uşaq demək olar ki, o hərəkət üçün hazır olur”.

Onun sözlərinə görə, parkura başlayanda ətrafında olan dostları itib. Deyiblər ki, sən bizə uyğun deyilsən, get, kişi kimi geyin: “Məsələn, şəhərə idman formasında çıxırdım ki, məşq edəcəyəm, parkuru öyrənəcəyəm. Dost-tanış isə tuflidə gəzmək üçün çıxırdı. Buna görə də uyğun gəlmirdik. Amma vaxt keçdikcə sonra onların hamısı mənim tələbələrim oldular”.

Onlar üçün parkur - A nöqtəsindən B nöqtəsinə ən tez keçid yoludur. “Belə deyim, harasa gedəndə sizin kimi getmirəm, mənim öz yollarım var. Treyser sözünün mənası da “iz qoyan “, “yol salan” deməkdir. Hər treyserin öz yolu var. Mənə maraqlı olardı hər treyserdən bir şey öyrənmək. Çünki mənim yolum onun yolu kimi deyil. Bir milyon insan varsa, bir milyon da fərqli yol olur. Biz öz yolumuzla gedirik. Parkur ümumiyyətlə, hərəkət azadlığı sayılır. Şəhər bizim üçün sırf parkur məkanıdır, bazadır. İstədyimiz yerdə, istədyimiz hərəkəti edib, istədiymiz maneəni keçə bilirik. Parkurda sərhəd yoxdur, sadəcə maneələr var ki, biz onun üstündən keçirik. Parkur mənə azadlıq verir, rahat oluram”,- deyir Hafiz.

Yerli parkurçuların yarışları da təşkil olunur, çempionatlar keçirilir. Bizim parkurçular Türkiyədə, Gürcüstanda, Rusiyada da yarışlarda olublar.

- Çox vaxt bizə deyirlər ki, sən oğurluğu yaxşı bacararsan, evlərə girə bilərsən. Amma bizdə elə şey yoxdur. Biz yaxşı işlər görürük. Məsələn, uşaq evdə qalıb, valideyin çöldə. Bu halda balkondan daxil olub, qapını açımışıq. Çalışırıq belə şeyləri edək,- deyə `Mikrob` AzVision.az-a bildirib.

Şahanə Rəhimli
Çəkiliş: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti