Qadın güləşçilərimizdən tarixi zəfər
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.
Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb. Qrup mərhələsində yığma komandamızınüzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.
Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşıb. Ümumi hesab 4:4 tamamlansa da, texniki göstəricilərə görə rəqibindən üstün olan yığma komandamız Dünya Kubokunu 5-ci sırada tamamlayıb. Bu, qadın güləşi üzrə yığma komandamızın Dünya Kuboku yarışlarında ən yaxşı nəticədir. İndiyə qədər qadın güləşçilərimiz iki dəfə (2010 və 2012) Dünya Kubokunda mübarizə aparıb.
Eldar Tanrıverdiyev
AzVision.az