Müxalifət iqtidarla görüşdən razı qalıb - MÖVQE

Müxalifət iqtidarla görüşdən razı qalıb - MÖVQE
  13 Fevral 2015    Oxunub:1793
Ötən gün müxalifət partiyalarının liderlərinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla keçirdiyi görüş siyasi elitada geniş müzakirələrə yol açıb. Siyasi təhlilçilər bu görüşü müsbət qiymətlənirərək iqtidar-müxalifət dialoqunun mühüm əhəmiyyətə malik olduğu hesab edirlər.
Əsas hissəsi mətbuata qapalı keçən görüşdə bir sıra məsələlərlə bağlı razılığın əldə edildiyi bildirilir. Görüşdən sonra mətbuata açıqlama verən PA rəsmisi Əli Həsənov prinspial məsələlər – görüşün mütəmadi davam etdirilməsi, formatı, müzakirə olunacaq mövzuları barədə ümumi razılığa gəlindiyini deyib.

Əli Həsənovun açıqlamaları bunu deməyə əsas verir ki, iqtidar görüşdən narazı qalmayıb.
Bəs, müxalifət liderlərinin təəssüratları necədir?

Azərbaycan Demorkat Partiyasının sədri Sərdar Cəlaloğlu AzVision.az-a açıqlamasında bildirib ki, görüşün təkrarlanması çox ciddi faktdır, bu, onu göstərir ki, artıq proses başlayıb:



“Bir görüşün olması heç nə deməkdir, amma bir-birilə əlaqəli iki görüş artıq proses deməkdir. Dünənki görüşdə əsas iki predmet də müəyyən olundu. Birincisi format məsələsi – kimlər bu görüşdə iştirak edə bilər, ikincisi, hansı məsələlər burada müzakirə olunmalıdır. Bu, çox ciddi məsələdir. Üçüncüsü isə bütünlükdə bu görüşlər onu göstərir ki, artıq iqtidarla müxalifət arasında anlaşma hiss olunur. Məsələn indiyə qədər heç bir məsələdə biz eyni cür düşünməmişik, amma bu görüşdə nə müxalifətin dediyi, nə də iqtidarın təklif etdiyi məsələlərə qarşı tərəf ciddi etiraz etmədi. Bu mənada mən də bu görüşün müstəsna əhəmiyyətinin olduğunu düşünürəm”.

Partiya sədri hesab edir ki, əgər bu görüşlər davam edəcəksə, onda Azərbaycanda alternativ yeni demokratik bir proes başlamış olacaq ki, bu da ölkənin demokratikləşməsində müstəsna rol oynayacaq.

“Azərbaycan kataklizması inkişafa nail olacaq. Tərəflər səmimi olacaqsa, iqtidar və müxalifətdən bu prosesə müdaxilə edib pozmağa cəhd edənlər olmayacaqsa, bu məsələ tam şəffaf şəkildə davam edəcəksə, mən bu prosesin alternativini görmürəm. Hətta seçkilərin özü belə Azərbaycan xalqına bu görüş qədər xeyir verməyəcək. çünki seçkilərdə qalib və məğlub tərəflər var, amma bu görüşlərdə tərəflər millətin və dövlətin problemlərini həll etməyə çalışırlar”.

Görüşdə müzakirə olunmuş mövzulara gəlincə isə, S.Cəlaloğlu vurğulayıb ki, həddindən artıq çox mövzu səsləndi və ona görə də görüşün predmetinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxdı:

“Razılığa gəldik ki, Prezident Administrasiyası o görüşdə ən çox səslənən 10 məsələni siyahılaşdırsın və partiyalara göndərsin. Növbəti görüşə qədər biz o məsələlərin hansının müzakirəsini vacib sayırıqsa, onu müəyyən edib, geri göndərək və onun müzakirəsi reallaşsın”.



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, görüş qənaətbəxş keçib. O vurğulayıb ki, bu gün əldə oluna bilən nə varsa, həmin görüşdə əldə olunub:

“Biz bu məsələlərlə kifayətlənməsək də, bundan artığını əldə etmək hazırki şəraitdə mümkün deyil”.

Görüşdə müzakirə olunan mövzulara gəlincə, partiya sədri bildirib ki, bütün problemli məsələlər görüşdə səsləndirilib.

“Azərbaycanın siyasi həyatında hər kəsi narahat edən məhbuslar məsələsindən seçkilərə, seçkilərdən siyasi partiyaların fəaliyyətinin təmin olunmasına qədər hər bir məsələ barədə təklif səsləndi. Eyni zamanda Dağlıq Qarabağ probleminin həlli və ordu quruculuğu barədə fikirlər deyildi”.

Görüşə qatılan partiya sədrləri ilə bağlı səslənən tənqidi fikirlərə də münasibət bildirən M.Mirəlioğlu deyib ki, hər kəsin bu və ya digər məsələyə fikir bildirməyə haqqı var:

“Bu adamların özləri ilə tanışam, amma fikirləri ilə tanış deyiləm. Biz onlarla bağlı olan məsələni də müzakirə etdik və razılaşdırdıq. Bizi tənqid etmələrinə baxmayaraq, həmin partiyaların da gələcəkdə bu görüşlərdə iştirakı təmin olunacaq, amma iştirak edib-etməyəcəkləri onların öz işidir”.



Görüşün digər iştirakçısı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə görüşü şərh edərkən deyib ki, ümumi qiyməti nəticələrdən sonra vermək daha yaxşı olar:

“Mən görüş vaxtını çox mühüm fakt hesab edirəm. Görüşün formatının dialoq olması müəyyənləşdirildi və bir neçə məsələdə razılığa gəlindi. Bir sıra partiyalar tərəfindən konkret məsələlər təklif edildi, seçki ilə bağlı islahalatların aparılması, siyasi partiyaların fəaliyyətinə şərait yaradılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılması ilə bağlı müzakirələr aparıldı. Bütövlükdə pozitiv tədbir oldu”.

Partiya sədri görüş barədə səslənən tənqidi fikirləri aktual hesab etmədiyini deyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti