Elektron hökumətimizi superkompüter idarə edəcək - ÖZƏL

Elektron hökumətimizi superkompüter idarə edəcək - ÖZƏL
  09 Fevral 2015    Oxunub:6736
Bu gün dünyada ölkələrin texnoloji inkişaf səviyyəsini göstərən əsas amillərdən biri də onların malik olduqları superkompüterlərdir. Artıq superkompüterə sahib olmaq ölkə üçün bir nüfuz məsələsi sayılır.

Arayış:

Superkompüter - çoxprosessorlu elektron hesablama sistemidir. İlk superkompüter amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ci ildə yaradılıb. “Cray” firması bu gün də Super Hesablama sahəsində lider mövqeyi tutur.
Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə milyard əməliyyatlarla ölçülür. Onlarda çoxsaylı mikroprosessorların paralel işlənməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Onların qiyməti milyon dollarlarla ölçülür. Bu, müasir hesablama sürətinin sərhədində olan bir kompüterdir.


Superkompüterlər kompüter elmi sahəsində vacib rol oynayır və müxtəlif sahələrdə, o cümlədən, kvant mexanikası, hava proqnozlarının verilməsi, iqlim araşdırmaları, neft-qaz kəşfiyyatı, molekulyar modelləşdirmə (kimyəvi məsələlərin, bioloji makromolekulların, polimer və kristalların struktur və xassələrinin öyrənilməsi) və fiziki simulyasiyalarda (kainatın erkən vaxtları, hava və kosmik aerodinamika, atom silahlarının partladılması və atom ərintisi kimi simulyasiyaları) olan intensiv tapşırıqların həll olunmasında geniş istifadə edilir.

Hazırda Çinin `Tianhe-2` superkompüteri dünyada ən sürətli superkompüterdir. Superkompüterlərin əsas istehsalçısı ABŞ-dır. Yaponiya, Çin kimi ölkələr də superkompüterləri istehsal edir. Dünyanın ən güclü superkompüterlərinin reytinqini BURADA görmək olar.

Bəs ölkəmizdə necə, superkompüterlərdən istifadə olunurmu?

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Rəşid Ələkbərov AzVision.az-a bildirib ki, superkompüterlər strateji məhsul olduğuna görə, bu kompüterləri istehsal edən ölkələr çalışırlar ki, başqa ölkələrdə həmin texnologiya olmasın. Amma buna baxmayaraq, Azərbaycanda da 2008-ci ildən Milli Superkompüter Mərkəzinin yaradılması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlığa başlayıb:

- Onun necə yaradılması, harada qurulması, təchizatın necə olacağı barədə müzakirə etmişik. Bunun nəticəsi olaraq İnformasiya Texnologiyaları İnstitutunda emal mərkəzi yaratmışıq. Bu da superkompüterlərin əsasında yaradılıb. Sözsüz ki, bizim institutda qurulan superkompüter dünyada olan məşhur superkompüterlərlə müqayisə edilə bilməz. Onlar daha böyükdür. Amma ölkəmizdə olanlar da superkompüter kateqoriyasına daxildir. Ölkəmizdə olan superkompüterdən Elektron Hökumət Portalının idarə edilməsində və digər məsələlərdə istifadə olunur. Bəzi riyazi, fiziki məsələlər Akademiyanın data-mərkəzində həll olunur. Superkompüterlərin bazasında bu cür data mərkəzlər müxtəlif nazirliklərdə yaradılıb.

Baş mühəndis bildirdi ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu data-mərkəzin qurulması istiqamətində işlər gedir: “Bəzi nazirliklərdə kiçik superkompüterlərdən istifadə edirlər. Hər bir nazirliyin öz data-mərkəzi var. Elektron Hökumət Portalı 40-dan çox nazirliyi və komitəni birləşdirir. İndi Elektron Hökumət Portalının data mərkəzini yaradıb, ora bir superkompüter qoysaq, dediyimiz 40 təşkilatda kompüterlərə ehtiyac qalmayacaq. Prosesin hamısını həmin superkompüter həyata keçirəcək. AMEA rəhbərliyinin apardığı islahatlar nəticəsində superkompüterlərin texniki imkanları hər il artırılır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti