Olimpiya çempionu tənqidlərə cavab verdi

Olimpiya çempionu tənqidlərə cavab verdi
  07 Fevral 2015    Oxunub:2961
2012-ci il Olimpiya çempionu, sərbəst güləşçimiz Toğrul Əsgərov Parisdə xalı üzərinə çıxmaqdan imtina etməsinin səbəbləri barədə danışıb.
Xatırladaq ki, bu günlərdə yığmanın baş məşqçisi Firdovsi Umudov Əsgərovu olmayan zədəsinə istinad edərək, Parisdə keçirilən Qran-pridə xalı üzərinə çıxmaqdan imtina emtəkdə günahlandırmışdı.

Toğrul həmin yarışda 70 kq-dək döyüşdə kanadalı Ayslan Qarsiyaya qalib gəlsə də, sonra dörddəbir finalda Polşa təmsilçisi Maqomedmurad Hacıyevə uduzmuşdu. Bundan sonra idmançımız digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevə qarşı təskinlikverici görüşə çıxmaqdan imtina etmişdi. Nəticədə Ruslan həmin yarışda bürünc medal qazanmışdı.

“Məlum olduğu kimi, mən ötən il dizimdən zədə aldım və əməliyyat olundum, - deyə, olimpiya çempionu oxu.az-a açıqlamasında izah edib. – Mən uzun müddət bərpa olundum. Fransada turnirdən bir neçə gün əvvəl yenidən zədə aldım, lakin buna əhəmiyyət vermədim, çünki Qran-pridə iştirak etmək istəyirdim.

İlk yarışda 6:0 hesabı ilə inamlı qələbə qazandım. Lakin ikinci döyüş zamanı əməliyyat olunmuş dizimdə kəskin ağrı hiss etdim. O zaman yığmanın məşqçisi məni müayinə etdi və tibbi yardım göstərdi, lakin buna baxmayaraq, çıxışımı davam etdirə bilmədim.

Qeyd edim ki, bu, mənim əməliyyatdan sonra ilk turnirim idi.

Zədənin ağırlaşacağından ehtiyat edərək, mübarizəni davam etdirmək istəmədim. İndi həkim nəzarətindəyəm və yüngül məşqlər keçirirəm. Allah qoysa, tam bərpa olunandan sonra növbəti turnirlərdə tam gücümlə mübarizə aparacağam.

Mən bir azərbaycanlı kimi gələcəkdə dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nəticələrə nail olmaq istəyirəm. Mən ölkəmizin prezidenti İlham Əliyevin etibarını doğrultmaq və Azərbaycan bayrağını qaldırmaq istəyirəm.

Dövlət və Federasiya bizim hazırlığımız üçün bütün zəruri şəraiti yaradıblar. Bakıda Avropa Oyunlarında, sonra isə sentyabrda lisenziya təqdim edən Dünya çempionatında uğurla çıxış etmək, bundan sonra isə 2016-cı ilin Rio-de-Janeyroda Yay Olimpiya oyunlarında öz uğurumu təkrarlamaq istəyirəm”.


Teqlər:





Xəbər lenti