110 il əvvəlin Bakı qırğını

  06 Fevral 2015    Oxunub : 5246
110 il əvvəlin Bakı qırğını
1905-ci ilin 6-10 fevralında baş vermiş Bakı qırğınından 110 il keçir. Bununla bağlı AzVision.az `Azərbaycan` qəzetində dərc olunan yazını oxucularına təqdim edir.

Ermənilər Bakıya əsasən XIX əsrin 70-ci illərindən gəlməyə başlayıblar. Bu, elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə inkişaf edir, Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1871-ci ildə Balaxanıda ilk buruq işə düşmüşdü. Bakının neft sənayesinə xarici kapitalın axını başlanmışdı. Suraxanıda ilk neft emalı zavodu istifadəyə verilmişdi.

1873-cü ildə Bakı ətrafında neft emalı rayonu - Qaraşəhər yaranmışdı. Bir qədər sonra Keşlədə və Ağşəhərdə neft emalı zavodları inşa edilməyə başlamışdı. Bundan əlavə, Bakıda digər sənaye sahələri - mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar işə düşmüş, banklar, ticarət və sənaye firmaları yaradılmışdı.

Həmin illərdə çar Rusiyasının havadarlığı ilə Bakıya axışan ermənilər neft sənayesi, ticarət və bank işi sahələrində üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmişdilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermənilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər.

1810-cu il avqustun 2-də Bakı, Quba və Dərbənd xanlıqları üzrə müşavir Quryevə verilən məlumatda bildirilirdi ki, Bakı qalası və onun ətrafında yaşayan əhalinin sayı 2.235 nəfərdir. Onlardan da 2.154 nəfəri müsəlman, 55 nəfəri erməni, 26 nəfəri isə yəhudidir. Bakının ətrafındakı 37 kənddə isə 5.387 nəfər yaşayır ki, onların da hamısı müsəlmanlardır. Yenə həmin müəllifin məlumatına görə, 1816-cı ildə Bakıda (Qala və Bayır şəhər nəzərdə tutulurdu) 5.270, 1860-cı ildə isə 11.570 azərbaycanlı var idi. Bu illərdə ermənilərin sayı 238 və 655 nəfərdir. Onların da əksəriyyəti Rusiya istilasından sonra buraya köçürülmüşdü.

Tarixçi alim Ataxan Paşayev “1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri” adlı məqaləsində yazır ki, 1905-ci il fevralın əvvəllərində Bakı şəhəri və quberniyasında baş vermiş ilk erməni-azərbaycanlı qırğınını tədqiq edən senator Kuzminskinin hesabatına görə, həmin ilin yanvarında Bakı quberniyasında 1.057 min nəfər əhali siyahıya alınmışdır. Onlardan 800 min nəfəri müsəlman, 12 faizi rus, 9 faizi erməni, 3 faizi isə başqa millətlərin nümayəndələri idi.

Hesabatda həmçinin göstərilirdi ki, quberniyanın şəhərlərində müsəlmanların sayı kəndlərə nisbətən azlıq təşkil edirdi. Belə ki, quberniyanın şəhər əhalisinin 50 faizi müsəlmanlardan, qalan şəhər əhalisinin 24 faizi ruslardan, 18 faizi ermənilərdən, 8 faizə qədəri isə başqa millətlərin nümayəndələrindən ibarət idi. Beləliklə, qısa bir zamanda Bakıda öz saylarını 18 faizə çatdıran ermənilər burada yaranmış inqilabi şəraitdən məharətlə istifadə edərək ilk növbədə neft sahibkarları arasında nüfuzlarını artırır, digər tərəfdən erməni fəhlələrinin də sayı çoxalırdı.

Bakının Balaxanı, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmiş erməni sahibkarları Mirzoyev, Sarkisov, Qukasov, Şagedanov və onlarca başqalarının həyasızlığı o dərəcəyə çatmışdı ki, həmin kəndlərdə yaşayan əhalini tamamilə köçürmək və bütün torpaqlara yiyələnmək üçün Qafqaz canişinindən tutmuş imperatoradək ardı-arası kəsilmədən ərizələrlə müraciət edirdilər. Onların bununla da iştahı azalmırdı. Erməni sahibkarlar 1905-ci ildə Peterburqda neft sənayeçilərinin Bakı fəhlə nümayəndələri ilə birlikdə müşavirəsinin çağırılmasına nail olmuşdular.

Bu müşavirədə Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, İsrafil Hacıyev də iştirak edirdi. Qəribə orası idi ki, torpaqlarının alınması nəzərdə tutulmuş kənd əhlindən isə ora bircə nəfər də dəvət edilməmişdi. Erməni neft sənayeçiləri tələb edirdilər ki, Balaxanı, Ramana, Sabunçu, Zabrat kəndlərinin əhalisi başqa yerə köçürülsün və onların bütün torpaqları neft istismarına ayrılsın. Azərbaycan ziyalılarının qəti etirazı nəticəsində sənayeçilərin təklif və tələbləri rədd edildi.

Bir il sonra, yəni 1906-cı ildə sənayeçilər bu dəfə Qafqaz canişininə müraciət etdilər. Onlar şikayətlənərək iddia edirdilər ki, mədənlərdə baş vermiş yanğın və təxribat həmin bu kəndlərin əhalisi tərəfindən törədilir. Erməni sahibkarları torpaqları əllərindən alınmış kəndliləri mədənlərində işə də qəbul etmirdilər.

“Həyat” qəzetinin 1906-cı il tarixli 80 və 81-ci nömrələrində Əliağa Həsənzadənin “Bakı neft mədənləri ətrafında olan kəndlərin köçürülməsi” barədə olan məqaləsində deyilirdi: “...mədən sahiblərinin tamamilə erməni olması və kənd camaatının tamamilə müsəlman olması cəhətdən bu məsələyə həddindən artıq əhəmiyyət vermək lazım gəlir. Çünki ixtilaf və iğtişaş hələ sönməyib. Bu cürə xilaf təkliflərlə yaranmış fitnə və fəsadı oyadıb, cəmi Qafqaza od vurub, yandırmaq kimidır”.

Həmin ildə Tiflisdə çap olunan “Arç” erməni qəzeti Balaxanının, Ramananın, Sabunçunun, Zabratın kənd əhalisinin hamısını quldur, soyğunçu, qaniçən kimi qələmə verib hökumətdən təkidlə tələb edirdi ki, gərək həmin kəndlər köçürülsün.

Bəzi kəndlilər güc-bəla erməni sahibkarlarının mədən və zavodlarında işə düzələ bilsələr də, sahibkarlar tərəfindən həmişə sıxışdırılırdılar. Azərbaycanlı fəhlələrin vəziyyəti çox çətin idi. 1900-cü illərdə Bakı fəhləsinin əsas tərkibini yerli azərbaycanlılar (bunların da əksəriyyəti Bakı kəndliləri idi), həmşərilər (o zaman Cənubi Azərbaycandan işləməyə gəlmiş adamları belə adlandırırdılar), ləzgilər, ruslar və tatarlar (ümumi fəhlələrin cəmi 7 faizi tatarlardan ibarət idi) təşkil edirdi. Onlar bir qayda olaraq açarçı, dartalçı, ocaqçı, əksər hallarda isə mehtər, nökər, arabaçı, suçu və süpürgəçi işləyirdilər. İranlı fəhlələr (həmşərilər) isə Bakıda çox qalmırdılar. Az miqdarda pul əldə edən kimi ailələrinin yanına qayıdırdılar. İranlılardan sonra Bakıya işləməyə gələn ləzgilər 1897-1899-cu illərdə Bakıda fəhlələrin 13-15 faizini təşkil edirdilər. Onların əksəriyyəti mədənlərdə keşikçi işləyirdi.

1901-1903-cü illərdə Bakı fəhlələrinin təxminən 30 faizi işdən qovulmuşdu. Böhran dövründə Bakıya axışıb gələnlərin sayı o dərəcəyə çatmışdı ki, şəhərin hakim dairələri Həştərxan qubernatorundan buraya gələnlərin qarşısını almaq üçün ciddi tədbirlər görülməsini tələb edirdilər. Gələnlərin əksəriyyəti isə ermənilər idi. Fəhlələrlə kobud rəftar adi bir hal almışdı. Mirzəbekyansın tütün fabrikində əgər bir işçi xəstələnirdisə, dərhal işdən qovulurdu. Böhran əmək və kapital arasında ziddiyyəti daha da dərinləşdirirdi.

XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsindən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 şirkəti vardı. Qalan 21 şirkət rusların, 10 şirkət əcnəbilərin, 17 şirkət yəhudi kapitalistlərinin, 6 şirkət isə gürcü sahibkarlarına məxsus idi. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi.

Belə bir gərgin dövrdə “Daşnaksütyun” partiyası sosial-demokratlarla əlaqəyə girərək Bakıda sosial-demokrat və sosial-inqilabçı adı altında daşnaksütyun yönümlü fəhlə təşkilatları yaradırdı. Onların isə əsas məramı yerli əhali arasında iğtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar həyata keçirmək idi. Tədqiqatçı Ataxan Paşayev yazır ki, daşnaksütyun partiyasının rəhbərləri öz planlarını yerinə yetirmək üçün bütün vasitələrə əl atırdılar. Hətta öz ermənilərindən də külli miqdarda vəsait tələb edir, verməyənləri isə aradan götürürdülər. 1904 və 1905-ci illərin əvvəllərindən başlayaraq daşnaksütyun yönümlü təxribatçı-terrorçu təşkilatlar öz məqsədlərinə çatmaq üçün əhali arasında narazılıqlar, iğtişaşlar salmağa cəhd göstərirdilər. Bu cəhdlər isə nəticəsiz qalmırdı.

1905-il fevralın 6-da gündüz saat 12 radələrində Bakıda baş verən dəhşətli hadisə isə şovinist ruhlu erməni millətçilərinin etnik zəmində əvvəlcədən planlaşdırdıqları böyük qırğına yol açmış oldu. Həmin gün şəhərin mərkəzində erməni kilsəsinin yanında “Parapet” deyilən yerdə varlı, nüfuzlu, çoxlu qohum-əqrəbası olan karxana sahibi sabunçulu Ağarza Babayev erməni komitəsi tərəfindən qətlə yetirildi. Müayinə edilərkən mərhumun bədənində həm odlu, həm də soyuq silahların izləri aşkar olundu. Bütün şəhərə səs yayıldı ki, Ağarzanın meyiti təhqir olunmuş, ona 200-ə yaxın yara vurulub. Əhvalatdan xəbərdar olan Bakı əhli qətl hadisəsindən çox təsirlənmiş və bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törəndiyinə görə xalq arasında böyük iğtişaşlar baş vermişdi.

M.S.Ordubadi özünün “Qanlı illər” əsərində yazırdı: “Nəhayət, süni və çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsir şiddətindən yanıb yaxıldı... Bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bu gün hər tərəfdə, yəni Bakının bütün yerlərində iğtişaş gözlənirdi. Babayev soyadlı bir müsəlmanın ölmək xəbəri yayılandan sonra müsəlmanlar da açıq-açığına hərbə qalxaraq ermənilərə yürüş etdilər... Ermənilər isə tam ciddiyyətlə işə başlamışdılar”.

Həmin gün Ağarza Babayevin qətlindən yarım saat sonra Vorontsovski küçəsində konka konduktoru Artyom Şinkov öldürülür, Tsitsiyanovski və Çadrovı küçələrində bir naməlum rus kimlər tərəfindənsə güllə ilə vurulur. Ermənilər realnı məktəbin və texniki məktəbin yeddinci sinif şagirdləri Yakov Lebedevi və İvan Volkovu öldürürlər. Bütün şəhərdə şiddətli atışma başlanır, aramsız olaraq səhərə qədər hər iki tərəfdən atəş səsləri eşidilir, gurultu, şaqqıltı, insanların tükürpədici qışqırıqları səngimək bilmir. Mixaylov xəstəxanasının sənədlərinə görə qırğın başlanan gün erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu tərəfindən 18 adam öldürülür, 33 nəfər yaralanır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i başqa millətin nümayəndələri idi.

Fevralın 7-də vəziyyət daha da gərginləşmdi. Həmin erməni terror təşkilatı bu dəfə yüzədək dinc vətəndaşın həyatına son qoymuş və yaralayıb. Damlardan, pəncərələrdən müsəlmanların və gəlib keçən “bütün tayfaların” üzərinə ardı-arası kəsilmədən atəşlər açılırdı. Krasilnikovun, Mayılovun, Korsakovun evlərindən, Madrid mehmanxanasından yerli əhali - azərbaycanlılar qəfildən güllə yağışına tutulurdu. Camaat bir-birinə qarışıb silah işlətməkdə idi. Qocalar, yaşlılar, qadınlar uşaqlarının əllərindən tutub hara gəldi qaçır, ancaq heç bir tərəfdən aman tapmayıb sərgərdan olurdular. İğtişaş nəticəsində müsəlmanların bir çoxunun imarətləri və mağazaları dağıdıldı və qarət edildi. Çünki azərbaycanlılar belə bir hadisənin baş verməsindən bixəbər idilər. Ermənilər isə silahlı dəstələrlə müsəlman məhəllələrini gəzir, günahsız insanları qanına qəltan edirdilər.

Fevralın 8-i şanı-şöhrəti ilə məşhur olan Bakı cəhənnəmə çevrilmişdi. Bir tərəfdən bombaların partlaması, digər tərəfdən isə uca və ali imarətlərin uçub dağılması, neft zavodlarının, budkaların yanğından səmaya qalxan alovları insanları çaşdırıb qoymuşdu. Həmin gecə mühafizəçi qoşun dəstələri olmadığı üçün şəhər mühafizəsiz qalmışdı. Ermənilər bir çox müəssisə və fabrikləri yandırıb dağıdır, hər tərəfdə qətl-qarət baş alıb gedirdi. “Atışma getdikcə daha da artdığından iki nəfər müsəlman məzlum surətdə qətl edildi. Həmin bu vaxtda pristavlar polismeysterin tərəfindən məmur olub Dağıstan polkunun bir dəstəsi ilə yanğın komandasına köməkdə bulunacaq idilər. Yanğın dəstəsi təşəbbüsdə bir az təxir etdiyindən dördüncü sahənin pristavı bir dəstə qoşun götürüb Aslanovun evinin həyətinə daxil olur. Pristav və qoşun əhli evə daxil olar-olmaz naməlum şəxslər tərəfindən ev şiddətlə atəşə tutulur. Pristav cənabları heç bir tədbir görmədən dəstəsini götürüb öz yerinə qayıtmağa məcbur olur... Bu gün Bakının halı elə təhlükəli, elə qarışıq idi ki, atışmanın, yanan imarətlərin, alovun şiddətli təsirindən öldürülmüşləri heç bir tərəfdən yığmaq, yaralıları azarxanaya aparmaq mümkün deyildi... Bakıda ayın 10-na qədər ardı-arası kəsilmədən cinayətlər baş verirdi. Balaxanıda neft zavodlarında iğtişaş hökmfərma olub yanğı əməli də şiddət tapmaqda idi” ( M.S.Ordubadi “Qanlı illər”).

Qatillər kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin - Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun, Akop Muradyanın, Qriqori Sarkisyantsın, Karen Saakyantsın evlərinə yığışıb növbəti günlər üçün təxribat planlarını müzakirə edirdilər. Adları çəkilən erməni maqnatları ilə yanaşı, Mantaşev, Ter-Qukosov, Melikyants da öz proqramlarını həyata keçirməyə başlamış “daşnaksütyun”nun üzvləri və sponsorları idi. Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə “Bakı şəhərində qanlı qətliam” kimi daxil olmuşdur. Həmin günlərdə mal və əmlaka, mülklərə dəyən zərər milyonları keçmişdi. Bakı hadisələri haqqında qubernator knyaz M.A.Nakaşidze tərəfindən Qafqaz Canişini və Rusiya Daxili İşlər Nazirliyi üçün hazırlanan geniş məruzədə qırğın zamanı 231 nəfərin öldüyü, 179 nəfərin yaralandığı göstərilir. Məruzədə o da qeyd olunur ki, itki göstəriləndən daha çoxdur. Gizlədilən ölülərin çoxu müsəlmanlara aid idi. Çünki onlar meyitlərin yarılmasını şəriət qaydalarına zidd olan əməl kimi qəbul edirdilər.

1905-ci il mayın 11-də Bakıda beş erməni terrorçu tərəfindən Qafqaz xalqları arasında dostluq mövqeyindən çıxış edən knyaz M.A.Nakaşidze və Q.Takayşvili qətlə yetirilmişdir. Bunu şahid P.P.Şubinski öz xatirələrində təsdiqləmişdir. Elə həmin gün general Alixanov da öldürülmüşdür. Qətllərlə əlaqədar yayılmış intibahnamələrdə qeyd edilmişdir ki, bunları daşnaksütyun erməni terror təşkilatı törətmişdir. Bəzi məlumatlara görə, qatillərdən biri Dro ləqəbli Drastamat Kanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında müxtəlif erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə, əsasən türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı əməliyyatlarda iştirak etmişdir. Bundan başqa erməni terrorçuları tərəfindən qətlə yetirilənlər sırasında qəza rəisləri Pavlov, Neşşanski, Boquslavski, vitse-qubernator Andreyev, polkovnik Bıkov və başqaları var idi (“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)”, AMEA İnsan hüquqları İnstitutu, Bakı. 2003).




Teqlər: