`Vəziyyət çox pisdir`- AFFA-nın baş katibi

`Vəziyyət çox pisdir`- AFFA-nın baş katibi
  03 Fevral 2015    Oxunub:2754
`Açıq deyirəm ki, bu gün PFL çox çətin vəziyyətdədir`
AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

AzVision.az saytı həmin müsahibəni təqdim edir:

- Eddi İsrafilovun Bakıya gəlməsi haqda fikirlərinizi bildirərdiniz...

- Onu tanışlıq məqsədilə dəvət etmişdik. İstəmirdik ki, birbaşa təlim-məşq toplanışına qatılsın. Gəlmək istədiyini bildirdi. Biz də "xoşdur" deyə onu qarşıladıq. Özü bəzi hüquqi sənədləri də həll edirdi. Çünki onun yaxın qohumları - nənəsi və xalası da burda yaşayır. Şəhəri gəzdi, AFFA-da oldu, görüşdük. Ayrıca olaraq, baş məşqçi Robert Prosineçki ilə də görüşüb. Yəni Bakıya öz işləri ilə bağlı gəlib. Heç bilməzdim rus dilində də danışmağı bacarır.

- "Qranada" oyunları olduğundan Eddini millinin toplanışa buraxmayacaq...

- Prosineçki ilə danışdım. Dedi ki, çağırmayacağam. Çünki təlim-məşq toplanışı müddətində "Qranada"da oynamağını istəyir. Prosineçki deyir, mən çağırsam, buraxarlar. Onun İspaniyada hörməti çoxdur. Sadəcə olaraq bundan istifadə etmək istəmir. Çünki bizə onun oynaması lazımdır.

- Toplanış vaxtı millinin rəqibləri məlum olub?

- İki ölkə ilə danışıqlar gedir. Klublar da gündəmdə var. Bizi Dubaya dəvət etdilər, ancaq biz Antalyanı seçdik. çünki U-16 və U-21 Antalyada olacaq. Prosineçki də gənclərin oyununu izləmək istəyir. Baş məşqçi ilə danışdıq. Oyun olsa, lap yaxşı olar. Rəqiblər arasında İordaniya, Yəmən və Moldova yığmaları var. Belarus da var idi, sadəcə, tarixləri bizimlə uyğun gəlmədi.

- Yəmən əvvəlcə sizinlə razılığa gəlib, sadəcə, maliyyə məsələlərində razılaşmamışdınız...

- Bəli, onlar bizə şərtlər göndərmişdi ki, yol pullarını ödəyək. Onların otel, yemək xərclərini də ödəməyimizi istəyirdilər, ancaq razılaşmadıq.

- Mart ayında 17 yaşlılardan ibarət milli komandanın elit-round oyunları var. Hər kəs bu oyunları gözləyir, amma futbolçular maaş dərdi çəkir. Hələ 3000 mükafatları verilməyib...

- İlk növbədə biz nə məbləğ deyiriksə, onları da ödəyirik. Baş məşqçiyə də məlumat vermişdik ki, fevralın 15-dək pullar ödəniləcək. Mükafatlar müxtəlif faizlərə görə hesablanır və təqdim olunur. Çünki bu onların uğurlarıdır.

- Düzdür, bu onların haqqıdır. Ancaq 17 yaşlı birinin vətəndən, millətçilikdən öncə pulu fikirləşməsi nə dərəcədə doğrudur?

- Biz noyabrda demişdik ki, fevralın 15-dək pullar veriləcək. Bu vaxtadək futbolçulardan heç biri pula görə bizə müraciət etməyib.

- Nəyə görə, 17 yaşlı futbolçu pulu fikirləşməlidir? Mirbağır İsayev xalqı sevindirmək, tarix yazmaq istədiklərini deyir. Amma onun yetirmələri 3000 manatdan danışır..

- Təbii ki, bu, düzgün yanaşma deyil. Futbolçular heç bir yerdən pul almır və bu onların işidir. Əgər biz peşəkar futboldan danışırıqsa, pul verilməlidir. Sadəcə, bu pullar uşaqlara yox, onların valideynlərinə veriləcək. Mən elit-round oyunlarında da oldum və gözəl mübarizə gördüm.

- Nikolay Adamın U-10-dan ayrılıb Hindistana gedəcəyi barədə xəbərlər yayılıb...

- Adamla bu gün görüşüm olacaq. Ümumi olaraq hazırlıq planı verəcək. Bundan xəbərim var. Hətta bir yox, iki ölkədən təklif var. Sadəcə ən realı Hindistandır. Mən də əvvəl mətbuatdan oxudum, sonra aydınlaşdırdım.

- U-21-in qarşıdakı əsas vəzifəsi nə olacaq? Seçmə mərhələ, yoxsa futbolçu yetişdirmək?

- Hərdən UEFA-da da bunu müzakirə edirlər. Bəzi ölkələr buna inkişaf, bəziləri isə nəticə komandası kimi baxır. İnkişafa etmiş ölkələrə baxsaq, onların U-21 futbolçuları güclü klublarda oynayır. Bizim ölkələr üçün Azərbaycan, Gürcüstan və bu kimi digər ölkələrin əsas məqsədi milli komandanı formalaşdırmaqdır. Balkan ölkələri üçün U-21 böyük klublara keçid vəsiqəsidir. Bizdə U-21 körpü məqsədi daşıyır. Araz Abdullayevi "Everton" necə gördü? Millidə oynadı, Şotlandiyaya qol vurdu və tanındı. Ancaq biz çalışmalıyıq ki, U-19 və U-21 nəticə qazansın. Seçmə mərhələnin oyunlarında yanımda təxminən 20 agent oturmuşdu. Artıq "Malaqa" klubu Qara Qarayevi baxışa dəvət edib. Onu harda görüblər? Təbii ki, turnirlərdə.

- Səfərlərlə bağlı məlumat verərdiniz...

- Sankt-Peterburqda UEFA prezidenti Mişel Platini ilə görüşümüz olub. AFFA prezidenti Rövnəq Abdullayev orada idi. Biz stadionla bağlı məlumat verdik. O, açılışda iştirak etmişdi. Çox maraqlı haldır ki, o bizi görən kimi yeni baş məşqçi təyin etməyimizi dedi. Platini Prosineçkinin gənclərdə dünya çempionu olduğunu dedi.

- Robert Prosineçki müsahibəsində Xorvatiya ilə oyundan öncə Şotlandiya yığması ilə görüşəcəklərini demişdi və bu qarşılaşma efirdə yayımlanmalı idi...

- Orada televiziya agentliyi çox ağır şərtlər irəli sürüb. Təəssüflər olsun ki, Azərbaycan bazarı yayma bu məbləği verməyə hazır deyil. Onlar yayıma görə həmişə böyük ölkələrə qarşı oynayırlar.

- Hakimlər Komitəsi birbaşa sizə tabedir.

- Burada bir sirr yoxdur. De-yure AFFA-dır, de-fakto isə PFL-dir. Bu isə normal haldır.

- Xaqani Məmmədovdan şikayətlər olub. Hətta Anar Salmanov öz şikayətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub şəklində göndərib. Bu məsələlərdən xəbəriniz var? Nə baş verir?

- Bəli.. Burada birbaşa məsuliyyət sədr olduğu üçün Xaqani Məmmədovun öhdəsinə düşür. Bu barədə Ramin Musayevlə də söhbətimiz olub. Anar Salmanova I divizionda şans verildi və yenə səhv etdi. İnsan öz üzərində işləməlidir və inkişaf etməldir. Mən Xaqani müəllimi müdafiə etmirəm, gördüyümü deyirəm. Mən Anarla da söhbət etmişəm. Ona dedim ki, FİFA referiliyinə namizədliyi Xaqani Məmmədov verir. Çünki hakimlərin necə hazır olduğunu o bilir. Futbolçuları toplanışa kim aparır? Baş məşqçi seçir mənə göndərir. Mən də siyahını təsdiqləyirəm. Burda da o cürdür. Xaqani müəllim qol çəkirsə, biz də təsdiqləyirik. Təəssüflər olsun ki, FİFA baxır ki, bizə adını yazıblar, amma çempionatda yoxdur.

- "Qarabağ"ın "İnter"lə oyununda hakim səhvinə də toxunmağınızı istərdik...

- Çox maraqlıdır ki, Zelinka ötən mövsüm Çexiyada cəmi 5 oyun keçirib. Amma UEFA onu vacib oyuna göndərir.

- Geridə qalan müddətdə Məşqçilər Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Hələ cavan komitədir, cəmi iki aydır fəaliyyət göstərir. Ancaq çox yaxşı başlayıblar. Martın 6-da İcraiyyə Komitəsinin iclasında hesabat veriləcək. Çox aktiv iş görürlər. Onlar futbol veteranı yox, mütəxəssislərdir. Çünki birbaşa məşqçilərlə futbolçularla işləyirlər. Onlar hər bir futbolçunu yaxşı tanıyır və boş-boşuna danışmağı sevmirlər.

- Nazim Süleymanovun bu yaxınlarda ad günü olacaq. Dediyiniz kimi, o da futbolçuları yaxşı tanıyır. Ancaq heç yerdə fəaliyyət göstərmir. Nə klub, nə milli.. Üstəlik, formasını geyindiyi "Alaniya" rəhbərliyi Nazim Süleymanova 50 illiyini qeyd etmək təklifini göndərib. Əvvəl bəddi hissə, sonra isə yoldaşlıq görüşü...

- Nazim müəllim millidə işləyib və öz xahişi ilə işdən getdi. Mütəmadi olaraq onunla danışırıq və iş də təklif edirik. Nazim müəllim elə bir səviyyəli məşqçidir ki, o, Premyer Liqa klublarından birində işləməlidir və işləyib. İndi ona U-17, U-19 yığmasında iş təklif etmək düzgün olmazdı. Artıq onun imici formalaşıb. Məşqçilər Korpusuna o insanlar seçilib ki, onların klublarda işləməkdə gözü yoxdur. Şakir Qəribovu da komitə üzvləri seçib.

- "Bakı"nın bazası ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı. Bazanın suyunu da kəsiblər...

- Vəziyyət çox pisdir. Açıq deyirəm ki, bu gün PFL çox çətin vəziyyətdədir. Çünki 10 komandayla çempionat başlayıb, 9-u ilə davam edir. Şübhə edirəm ki, 9 komandayla da çempionat qurtarsın. Ramin Musayevlə də tez-tez danışıram və bizim futbolda ciddi problem var. Azərbaycan futbolunun birinci problemi futboldur. İndiyədək 17 peşəkar futbol klubu bağlanıb və bu da bizim üçün böyük faciədir. Rövnəq müəllim tapşırıq verib və biz çalışırıq kömək edək. Lakin bizim də imkanlarımız məhduddur. Hansısa layihədən pul çıxarıb ora yatırırıq. Bu tunelin işığı görsənmir. Problem odur ki, çempionat gedir. Yay olsaydı, müzakirə etməyə vaxt olardı. Hafiz müəllimlə sonuncu dəfə İK-nın konfransında danışdıq və məsələnin həll olunacağını dedi.

AzVision.az


Teqlər:  





Xəbər lenti