`Dəllallara inanmayın, ucuzlaşma ajiotajdır` - Mənzil bazarı eksperti

`Dəllallara inanmayın, ucuzlaşma ajiotajdır` - Mənzil bazarı eksperti
  28 Yanvar 2015    Oxunub:3645
Ölkədə mənzil bazarında vəziyyətlə bağlı proqnozlar bir-birilə daban-dabana ziddir, belə demək mümkünsə ekspertlər arasında fikir ayrılığı yaranıb. Bəzi ekspertlər evlərin tezliklə ucuzlaşacağını, digərləri isə əksinə, bahalaşacağını bildirirlər.

Bir qrup ekspertlərsə neftin ucuzlaşmasının evlərin qiymətinin aşağı düşməsinə səbəb olmayacağını bildirirlər. Onların fikrincə, ölkənin daşınmaz əmlak bazarında baş verən hadisələrə neftin qiymətində olan dəyişikliyin, həmçinin Rusiyada baş verən hadisələrin təsiri yoxdur.

Mənzil bazarının dəyərləndirilməsi üzrə eksert, hüquqşünas Fərid Rüstəmov mənzil bazarında ajiotaj yaratmaqda maraqlı olan dəllaları və ölkə mətbuatını qınayır. O, mənzil alıb-satmaq istəyən ölkə vətəndaşlarına müraciət edib deyir ki, söküntülər nəticəsində və ya digər mənbələrdən mənzil almaq üçün əldə etdikləri vəsaiti özlərində saxlamasınlar. “Bəzi dəllalların öz xeyirləri üçün əmlak bazarında süni ajiotaj yaratmaq məqsədilə verdikləri proqnozlara aldanıb özlərini əmlak əldə etmək mümkünsüzlüyü riskinə atmayın”. F. RÜstəmovun qənaətinə görə, bəli, bu gün neftin qiymətinin aşağı olması və Rusiya bazarında baş verənlər müəyyən mənada əmlakın qiymətinə təsir edə bilər, ancaq ucuzlaşmanın10-15 min manat olması absurddur.

“Onu da qeyd edim ki, bu hal olduqca qısa zamanda bərpa olunacaq. Bərpa prosesi artıq başlamaq üzrədir, belə ki, son günlərdə dünyada neft bazarında gedən canlanma əmlak bazarına surətlə öz təsirini göstərəcəkdir. Bundan başqa dövlət ipotekasının 2015-ci il üçün nəzərdə tutulan büdcəsi kifayət edir ki, əhali bundan yararlansın. Təbii ki, bu da öz növbəsində mənzil alıcılarının sayını nəzərəçarpacaq dərəcədə artıracaq. Belə olduğu təqdirdə əmlakın qiymətləri kəskin artacaq ki, indi əllərində mənzil almaq üçün kifayət edən vəsaiti olanlar 2-3 aydan sonra bu şanslarını itirmiş olacaqlar”,- deyə ekspert fikrini əsaslandırır.

Ekspert 2008-2009-cu illərdə yaşanan böhranı xatırladır. Bildirir ki, 2008-2009-cü illər ərzində süni şəkildə bazarda durğunluq yaradan bəzi dəllalların niyyəti sonradan bəlli oldu. Yəni ki, süni ajiotaj yaradaraq əmlak bazarında durğunluq yaratmaq, bununla da qiymətlərin sürətlə aşağı enməsinə səbəb olmaq, ucuz qiymətə bir neçə əmlak əldə edib, bahalaşdıqda satıb külli miqdarda mənfəət əldə etmək idi.

“Hazırkı situasiya eynilə o illərin təkrarıdır. Odur ki, əhaliyə belə provokasiyalara uymamağı və normal şəkildə əmlak tələblərini ödəməyi tövsiyə edirəm. Əks halda sürətlə bahalaşma zamanı bu arzu bir çoxlarında elə arzu olaraq da qalmaqda davam edəcək”- deyə ekspert ev alqı-satqısında gözləmə mövqeyi tutan vətəndaşlara tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti