İlham Əliyevin bu ilki səfərləri və görüşləri... (FOTOLAR)

İlham Əliyevin bu ilki səfərləri və görüşləri... (FOTOLAR)
  29 Dekabr 2014    Oxunub:10912
Başa vurmaq üzrə olduğumuz 2014-cü il Azərbaycan üçün bir sıra hadisələrlə yadda qaldı. At ili dünyanın bir çox ölkələrində yüzlərlə insanın ölümü, iqtisadi böhran və fəlakətlərə gətirib çıxarsa da Azərbaycan uğurlu nəticələrə imza ata bildi. Bu istiqamətdə prezident İlham Əliyevin fəaliyyətini və diplomatik səfərlərini xüsusi qeyd etmək lazımdır.

Odur ki, 2014-cü il də ölkə başçısı İlham Əliyevin bir neçə xarici ölkəyə rəsmi və işgüzar səfəri, eləcə də xarici dövlət və hökumət başçılarının Azərbaycana gəlişi ilə yadda qaldı.

2014-cü il ərzində prezident 20-ə yaxın ölkədə səfərdə olub. Bu səfərlər zamanı Azərbaycanın həmin ölkələrlə ikitərəfli münasibətləri, iqtisadi əlaqələr və s. mühüm məsələlər müzakirə olunub, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar aparılıb.

Bu ilin başlanğıcında prezident İlham Əliyevin ilk rəsmi səfərlərindən biri Belçika krallığında baş tutmuşdu. Yanvarın 15-də Belçika krallığına işgüzar səfərdə olan ölkə başçısı Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen ilə və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüş keçirib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıb.

Dövlət və hökumət başçıları ilə təkbətək görüşlərin zəngin olduğu Davos Dünya İqtisadi Forumu isə yanvarın ikinci on günlüyündə baş tutub. Yanvarın 21-də baş tutan səfər çərçivəsində prezident İlham Əliyev bir çox həmkarı ilə təkbətək görüş keçirib.

Prezidentin növbəti səfəri Rusiyaya idi. Belə ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün isə fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfər edib.

Bundan sonra isə prezidentin aprelin 9-da İrana, mayın 6-da Gürcüstana, mayın 20-də Uzaq Şərqə - Çin və Vyetnama, iyunun 16-da isə Yunanıstana rəsmi səfərləri olub.

Dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün isə iyunun 5-də Türkiyəyə, Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün 24 iyunda Fransaya işgüzar səfər etdi.



Növbəti rəsmi səfər iyulun 13-də İtaliyaya oldu. Burada prezidentin dövlət və hökumət başçıları ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. İl ərzində baş tutan səfərlərin içərisində daha çox avqustda baş tutan Soçi səfəri yadda qaldı. Çünki Rusiya prezidenti Valdimir Putinin təşkilatçılığı ilə bu səfər zamanı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilirdi. Günün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi idi.

Avqustun 9-da baş tutan görüş həm də ona görə əhəmiyyət daşıyır ki, bu günlər Azərbaycan və Ermənistanın təmas xəttində ciddi münaqişənin yarandığı günlərə təsadüf etdi. Bu Azərbaycan və Ermənistan prezidentlərinin il görüşü olmadı.



Prezidentlərin növbəti görüşü isə Böyük Britaniyada, Uelsdə prezidentlərin işgüzar səfəri zamanı reallaşdı. Bu zaman Azərbaycan və Ermənistan prezidentlərini ABŞ-ın dövlət katibi Con Kerri müşayiət edirdi.
Üçüncü dəfə isə prezidentlər Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə görüşdülər. Oktyabrın 29-da baş tutan görüşdə də bir daha münaqişənin həlli istiqamətində atılmalı olan addımlar müzakirə mövzusu oldu.



Politoloq Elman Nəsirov AzVision.az-a açıqlamasında 2014-cü ilin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlərlə bağlı yaddaqalan il olduğunu deyib. O vurğulayıb ki, keyfiyyət dəyişikliyi olmasa da, bu il kəmiyyət dəyişikliyi nəzərə çarpıb:

“Soçidəki görüşdən sonra NATO-nun sentyabrdakı sammiti çərçivəsində də prezidentlərin 3 tərəfli görüşü baş tutdu. Bundan sonra isə oktyabrın 27-də Fransada təmaslar oldu. Ən əsası da bu görüşlər nəticəsində iki mühüm tezis səsləndi. Birincisi bu oldu ki, status-kvo dəyişməlidir. İkincisi isə, Fransa prezidenti Fransua Olland təklif etdi ki, Böyük Sülh sazişinin hazırlanmasına başlamaq lazımdır. Təəssüf ki, Ermənistan 2014-cü ildə də tutduğu qeyri-konstruktiv mövqe ilə münaqişənin həllini ləngitdi, üstəgəl iyulun sonu avqustun əvvəlində təmas xəttində ciddi insident törətdi. Bir müddət sonra isə onlara məxsus helikopter avantüra törətməyə cəhd etsə də layiqli cavabını aldı”.

Politoloq deyir ki, Ermənistanın mövqeyi və münaqişənin həllini ləngitməyə yönələn addımlarına görə, 2015-ci ilə lazımi pozitiv fundamentlə daxil olmuruq:

“Gələn il həmçinin qondarma erməni soqyırımının 100 illiyi ilə yadda qalacaq. Məsələyə bu məntiqlə yanaşdıqda Ermənistan tərəfindən 2015-ci ildə Qarabağ problemi ilə bağlı ümumiyyətlə pozitiv bir şey gözləmək əmsalı olduqca aşağıdır”.

Sentyabr-oktyabr aylarında da İlham Əliyevin işgüzar səfərləri oldu. Belə ki, ilk olaraq Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə yola düşdü. Sentyabrın 29-da baş tutan sammit çərçivəsində İlham Əliyevin həmkarları ilə, o cümlədən İran prezidenti Həsən Ruhani ilə təkbətək görüşləri baş tutdu.

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün isə Belarusun paytaxtı Minskə səfəri oktyabrın 10-da baş tutdu.

Prezidentin son rəsmi səfərləri isə oktyabrın 15-də Tacikistana, noyabrın 10-da isə Macarıstana oldu.

Ümumilikdə 2014-cü il Azərbaycanın xarici siyasətində nə ilə yadda qaldı?

Ekspert hesab edir ki, bu il kifayət qədər uğurlu olub:

“Azərbaycanın daxili imkanları, potensialı, iqtisadiyyatı daha da gücləndikcə, bu, özünü xarici siyasətdə də göstərir. Bu il xarici ölkələrin diplomatik korpusları ilə sayca 5-ci görüşündə İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan xarici siyasətinin prioriteti dövlətlərlə ikitərəfli münasibətlərdir. Bu baxımdan prezidentin aprelin 9-da İran səfərini qeyd etmək istəyirəm. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar, xüsusilə iki fundametnal məsələdə ortaq mövqeyin olması hesab edirəm ki səfərin əhəmiyyətindən xəbər verir. Birincisi, Həsən Ruhani bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və regionda heç bir coğrafı dəyişmələri qəbul etmir. İkinci isə Xəzərin statusu ilə bağlı məsələdə İranla Azərbaycan arasında anlaşılmazlıqlar aradan qalxdı. Həsən Ruhani Xəzərin statusunun müəyyənləşməsinin uzaq perspektivli yox, yaxın zamanda həll olunacaq məsələ olduğunu deyib.

Sentyabrın sonlarında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçirildi. Prezidentin bu səfəri zamanı Xəzərin statusu ilə bağlı mövqelərdə daha çox yaxınlaşma oldu. Həştərxanda əldə edilmiş razılşamaya əsasən 2016-cı ildə Xəzəryanı dövlətlərin prezidentlərin Astana sammitində nəhayət ki, bu problemlə bağlı yekun konvensiyanın qəbulu gözlənilir”.

E.Nəsirovun fikrincə 2014-cü ilin ən çox yaddaqalan hadisələrindən biri də Azərbaycanın 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi oldu:

“Bu müddət ərzində Azərbaycan tərəfi korrupsiyaya qarşı mübarizə, təhsil sahəsində islahatlar, mədəniyyətlərəarası dialoq və digər sferalarda xeyli iş gördü.

Ümumiyətlə, bu ilə qiymət verərəkən sayca dördüncü beynəlxalq humanitar forumu xüsusi qeyd etməliyik. Dünyanın nüfuzlu simaları, nobel mükafatçıları, keçmiş prezidentlər Bakıda oldular. Bu sammit bir daha Azərbaycanda cənab prezidentin təbirincə desək, multikulturalizmin həyat tərzi olduğunu göstərdi. Eyni zamanda mədəniyyətlərarası, dinlərası və sivilizasiyalararası dialoq sahəsində Azərbaycan dünya üçün model olduğunu nümayiş etdirdi”.



Geridə qoyduğumuz ildə həmçinin dövlət və hökumət başçılarının da ölkəmizə səfərləri oldu. Belə ki, il ərzində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Fransua Ollandın ölkəmizə səfəri ən yaddaqalan səfərlərdəndir.



Ölkəmizin il ərzində digər mühüm donağı İran prezidenti Həsən Ruhani idi. Noyabrın 12-də Azərbaycana gələn prezident ad gününü də Bakıda qeyd etdi.



Politoloq Elman Nəsirov qeyd edir ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri və Həştərxan səfəri zamanı keçirilən görüşlər əlaqələrin inkişfaı üçün yeni imkanlar yaratdı:

“Ümumiyyətlə 2014-cü il ərzində ölkəmizə gələn dövlət və hökumət başçıları yüksək səviyyəli nümayəndə heyətləri, Bakıda keçirilən beynəlxalq tədbirlər göstərir ki, Azərbaycana diqqət artıb” .










Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti