Heydər Əliyev “Neftçi”ni necə xilas etmişdi - TAM MƏXFİ

Heydər Əliyev “Neftçi”ni necə xilas etmişdi - TAM MƏXFİ
  12 Dekabr 2014    Oxunub:14804
İdman ictimaiyyətimizin yaşlı nəslinin nümayəndələri 1974-cü ilin yayında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirlimiş respublika partiya təşkilatı fəallarının yığıncağını yəqin ki, unutmayıblar.

1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi
İdmanın digər sahələrində olduğu kimi, futbol səhəsində də Ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır.

Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycan futbolu üçün etdikləri nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da xatırlanır. Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) qəzetində gedən bir yazıda keçmiş ittifaq dövründə Sovet futbolunda baş vermiş ən böyük qalmaqallar yada salınıb. O vaxtlar çox işıqlandırılmayan və ancaq rəsmi tərəfləri məlum olan dava-dalaşların, hakimlərin döyülməsinin, stadionlardakı atışmanın, avtomobillərin yandırılmasının və başqa qanlı hadisələrin xronikasından bəhs edilib.

Materıalın bizim üçün ən diqqətçəkən məqamı isə sözsüz ki, Heydər Əliyevin necə “Neftçi”ni ağır diskvalifikasiyadan xilas etməsi barədə yazılanlar olub. Maraqlı olacağını nəzərə alıb, rusiyalı həmkarlarımızın hazırladığı məqalənin həmin hissəsini olduğu kimi nəzərinizə çatdırırıq.

Heydər Əliyev Aleksandr Yakovlevə necə qalib gəldi?

1970/71 mövsümü Bakının “Neftçi” komandası üçün çox ağır keçdi. Liderliyini SSRİ yığmasının keçmiş parlaq futbolçusu Anatoliy Banişevski edən, Azərbaycanın fəxri və qüruru sayılan, bir vaxtların güclü kollektivi güclülər dəstəsini tərk etmək təhlükəsiylə üz-üzə idi. Həm evdəki, həm də səfərdəki qarşılaşmalar zamanı komandanın oyunçuları və məşqçiləri özlərini çox kobud aparırdılar. Hərəkətlərinə sərhəd qoymur, hakimləri təhqir edir, hətta döyür, tamaşaçıları iğtişaşa sövq edirdilər. Bu üzdən “Neftçi” – “Paxtakor” oyunu demək olar ki, yarımçıq qaldı. Oktyabrın 8-də isə Rostov-na-Donu şəhərində keçirilən, yerli OİK-lə matç zamanı futbol meydanında oyunçuların, hakimlərin və milis işçilərinin iştirakı ilə dava düşdü.



Azərbaycan futbolçuları hesabda irəli çıxmışdı. Amma ikinci hissədə qapılarından iki qol buraxdılar. Bakılıların qolkiperi Sergey Kramerenko qapısını tərk edib, baş hakim Yuriy Balıkinin üzərinə cumdu və onun sifətinə vurdu. Müdafiəçi Aleksandr Mirzoyan isə baş hakimə köməyə gələn laysmannın üzünə tüpürdü. Rafiq Quliyev topu götürüb, uzağa tribunalara tərəf vurdu. Kapitan Anatoliy Banişevski isə “Neftçi”nin oyunçularına meydanı tərk etməyi əmr verdi. Amma dava davam etdi. Milis kütləvi dava-dalaşın qarşısını almaq üçün meydana tökülməli oldu.

Və onda SSRİ Futbol Federasiyanın funksionerlərinin səbr kasası daşdı. Qərara alındı ki, “Neftçi” birincilikdən xaric edilsin, qalan 3 oyunda kluba məğlubiyyət verilsin və həmçinin Banişevki bir illik, Kramarenko 3 illik, o cümlədən Quliyev və Mirzoyan diskvalifikasiyaya məruz qalsın. Bu qərarı SSRİ İdman Komitəsinin kollegiyası oktyabrın 29-na təyin edilən iclasında təsdiq etməli idi.

“Neftçi” uğrunda mübarizə başladı.Azərbaycan Kommunist Partiyasının baş katibi S.V.Kozlov Mərkəzi Komitəyə və İdman Komitəsinə müraciət edərək “Neftçi”yə şans verməyi və futbol federasiyasının qərarına yenidən baxmağı xahiş etdi. İdman Komitəsi Mərkəzi Komitəyə belə bir güzəşt təklif etdi: bakılılara 3 oyunda deyil, 2 oyunda texniki məğlubiyyət verilsin. Amma oktyarbın 27-də Mərkəzi Komitənin təbliğat bölməsinin rəhbəri Aleksandr Yakovlev komandanın və oyunçularının cəzalandırılmasının ədalətli qərar olduğunu təsdiqlədi.

Ancaq burada Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin simasında “əsas artilleriya” işə düşdü. Heydər Əlirza oğluyla çəkişmədə Aleksandr Nikolayeviçin heç bir şansı yox idi. Əliyev rəsmi Moskvaya məlumat verdi ki, “Neftçi” komandasının güclülər dəstəsindən kənarlaşdırılması sosial partlayışa gətirib çıxara bilər. Əliyevin müraciətində deyilirdi: “Respublika əhalisi arasında, xüsusilədə gənclərdə, güclü narazılıq baş qaldırıb ki, arzuolunmaz nəticələrə gətirib çıxara bilər... Etiraz əlaməti olaraq, Neft Daşlarında bəzi fəhlələr işə çıxmaqdan boyun qaçırıb”.

“Əliyev - Yakovlev” döyüşü respublika kompartiyasının birinci katibinin qələbəsi ilə yekunlaşdı. Klub qalan oyunlarında meydana çıxdı, Banişevskini isə diskvalifikasiya etsələr də, cəza şərti oldu.

“Neftçi”nin rəsmi saytında həmin mövsümün hadisələri belə qələmə verilib: “Heç kim 1971-ci ildə “Neftçi”nin başına gətirilənləri unutmayıb. Xoşbəxlikdən, onda Azərbaycan futbolunun köməyinə böyük nüfuza malik şəxsiyyət, cənab Heydər Əliyev gəldi. Futbol Federasiyası hətta “Neftçi”nin birinci dəstəyə göndərilməsi haqda qərar da çıxarmışdı. Amma heç vaxt xalqını darda qoymayan, ümummilli liderimiz Heydər Əliyevin vaxtında işə qarışması bu, böyük ədalətsizliyin qarşısını almış oldu”.

Tural Məmmədov
AzVision.az üçün

(Bu yazı saytımızda ötən il dərc olunmuşdu, Ulu Öndərin anım günü ilə bağlı təkrar yayımlanır)


Teqlər:  





Xəbər lenti