“Qara bazar”a “Qarabağ”ın biletlərini kim çıxardır? - FOTO

“Qara bazar”a “Qarabağ”ın biletlərini kim çıxardır? - FOTO
  10 Dekabr 2014    Oxunub:2514
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda - dekabrın 11-də Bakıda Milan “İnter”i ilə qarşılaşacaq.
AzVision.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, azarkeşlər “Qarabağ”ın digər matçlarında olduğu kimi, bu dəfə də stadionu dolduracaqlar. Bunu tam əminliklə demək olar. Çünki bilet kassaları önündə izdiham yaşanır.

Amma bəzi işbazlar hər zaman olduğu kimi bundan istifadə edirlər. Kassaların önündə, əllərində ən yaxşı yerlərə olan biletləri satırlar. Həm də yüksək qiymətlərə.

Normalda 2 manata olan biletləri, günlər öncədən kassalardan alaraq, 10-15 manata satırlar. Bunu futbol azarkeşi olan hər kəs bilir. Amma bu “işbazlar”a yardım edənləri heç kim bilmir. Musavat.com olaraq bu məsələni araşdırmaq qərarına gəldik və çox önəmli məlumatlar əldə etdik.

Hər zaman AFFA-dan və klub rəhbərliklərindən açılamalar verilir. “Qara bazar”ın qarşısını almağa çalışdıqlarını, amma bunu istədikləri kimi edə bilmədiklərini deyirlər. Öncəki yazılarımızda da bu haqda məlumatlar vermişdik. Hətta «qara bazar»ın qarşısının alınmasının yollarını da göstərmişdik. Misal üçün həmin ərazidə polis qüvvələrinin yerləşdirilməsi və bu yollara işbazların bazarını bağlamaq kimi... Amma məsələ tam başqadır. Çünki oraya polislər yerləşdirilib. Ancaq ki, həmin polislər «qara bazar»ın qarşısını almırlar, tam əksinə...

“Qarabağ” futbol klubunun mətbuat xidmətin rəhbəri Nurlan İbrahimov açıqlamasında bildirib ki, onlar klub olaraq «qara bazar»ın qarşısını almaq üçün hər şeyi edirlər:

“Biz əlimizdən gələni edirik ki, azarkeşlər normal və ucuz qiymətlərə biletləri əldə edə bilsinlər. Amma “qara bazar”ın qarşısını ala bilmirik. Öz adamları var. Hər biri 3-4 bilet alır. Və bu formada ən yaxşı yerlərə olan biletləri əldə edirlər. Sonra da istədikləri qiymətlərə satırlar”.

Azarkeşlər şikayət edirlər: “Ən yaxşı sektorların biletləri qara bazardadır. Ona da pulumuz çatmır. Biabırçılıqdır. Bu, bizim futbola olan həvəsimizi də "öldürür". Bunun qarşısı niyə alınmır?”

Stadionun önündə olduğumuz anlarda “Bilet var, bilet. Yaxşı yerlərə bilet var” qışqıran bir kişiyə yaxınlaşdıq. O, özü də bilmədən bizə bu zaman kimi hər kəsi maraqlandıran məlumatları verdi.

- Bilet neçəyədir?

- Yaxşı yerlərə 10-15 manat.

- Niyə belə bahadır?

- Baha deyil. 6 manat biletin öz qiyməti, 1 manat da polisə verirəm. Bunları hesablayanda 10 manat edir də...

- Polis?

- Hə, polislərə pay verməsək, burada işləmək olar?

- Nə qədər pul verirsiniz?

- Misal üçün kassadan 100 bilet alıramsa, 20-30 manat kassaya əlavə pul verirəm. O da polislərin payını verir. Bəzən bizdən də alırlar. Olmasa işləyə bilmərik.

Bu ölkənin ən böyük problemi olan rüşvət, futbola da sıçrayıb. Burada da kimlərsə ciblərini doldurur və insanların haqlarını tapdalayırlar.

Avropa ölkələrində, qonşu Türkiyədə bir azarkeş maksimum 3 bilet ala bilir. Onu da ancaq şəxsiyyət vəsiqəsi ilə. Bizdə də bunun tətbiq etmək olar. Əgər kassalarda rüşvətsevərlər çalışmazsa.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.


Teqlər:  





Xəbər lenti